Yaz aylarında baş verən şaxtalar səbəbi ilə dünyada fındıq istehsalının 65%-ni təmin edən Türkiyədə topdansatış qiymətləri apreldən bəri 30% artıb və artımın davam edəcəyi gözlənilir.
Banker.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Bu vəziyyət “Nutella” və “Ferrero Rocher” məhsullarını istehsal edən “Ferrero” şirkətinin təchizatına təhlükə yaradır. Şirkət Türkiyədə istehsal olunan fındığın təxminən dörddə birini alır və fındıq “Nutella” pastasının tərkibinin 13%-ni təşkil edir.
İqlim dəyişikliyi həm zövqverici qida məhsulları (şokolad, qəhvə, zeytun yağı), həm də əsas ərzaq məhsulları üçün riskləri artırır. Bu il yaz şaxtaları Türkiyənin yüksək dağlıq bölgələrində fındıq məhsuluna 100%-ə qədər ziyan vurub.
Bu durum həm də siyasi risklər yaradır: fındıq məhsulu Türkiyədə təxminən 450 min ailənin əsas gəlir mənbəyidir.
Bəzi investorlar bir il ərzində fındıq qiymətlərində beşqat artım gözləyirlər. Bu arada, Türkiyənin ən böyük ixracatçı qrupu məhsul proqnozunu 20% azaldaraq 609 000 ton səviyyəsində açıqlayıb.
Yeri gəlmişkən Azərbaycan da fındıq istehsalına görə TOP4-liyə daxil olan ölkədir. Keçən il ölkədən xaricə 19.32 min ton fındıq 126.68 mln. ABŞ dollarına ixrac edilib. Fındığın bir tonu ölkəyə orta ölçüdə 6555 ABŞ dolları valyuta gətirib.
DSK-nin məlumatına əsasən, ötən il Azərbaycanda ümumilikdə 72.8 min ton fındıq yığılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda fındıq bağlarının ümumi həcmi 2024-cü ilin sonuna 80.5 min hektar təşkil edir və bunun da 76.4 min hektarı ənənəvi, 4.1 min hektarı isə intensivdir.