“FineEx Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC 2019-cu il ərzində ümumi faizli borclarının (kredit də adlandıra bilərik) həcmini artıraraq 3 milyon 930 min manata çatdırıb.
Banker.az bu barədə BOKT-a kənar audit kimi cəlb edilmiş “RSM Azerbaijan” tərəfindən verilən qeydlərə istinadən bildirir.
“FinEx Kredit” cəlb etdiyi kredit borclarının 2 milyon 111 min manatı “Yelo Bank” ASC tərəfindən cəlb edilib. Bu ötən il 713 min manat idi. Bank bu krediti (500 min manat idi) 2017-ci ildə 9.5 faizlə vermişdi. Lakin, ötən ilin bitməsinə bir ay qalmış “FinEx Kredit”, “Yelo Bank”dan 1 milyon manat həcmində iki il müddətinə və 15 faiz dərəcəsi ilə kredit cəlb edib.
Əlavə olaraq səhmdarlarında 785 min manatlıq borc vəsaiti alıb ki, buun da ödəniş faizi inanılmaz dərəcədə aşağı 297 manat təşkil edib.
BOKT əlavə olaraq “PAŞA Bank” və “Bank BTB”dən kredit cəlb edib, əvəzində “Kapital Bank”a olan borcunu (211 min manat) tam bağlamış və “Günay Bank” qarşısında öhdəliklərini azaldıb.
Bu borcları nə qədər səmərəli istiqamətə yönəldib
“FenEx Kredit”in sahibləri və yerli banklardan cəlb etdikləri bu faizli borcların qarşılığında BOKT-un müştərilərə nə qədər kredit verə bilməsi maraq doğurur. Doğrudur, əsas böyük – 1 mln. manat borcu kredit təşkilatının hesabatının hesablanmasına bir ay qalmış götürüb, amma kredit portfelini 1 milyon 728 min manat böyəldib və 7 milyon 785 min manata çatdırıb. Qalan o kredit borcları isə BOKT-da nağd vəsait kimi qaldığı göstərilib.
“FinEx Kredit” ötən ildə əsas krediti xidmət sahəsinə yönəldib. Məsələn, hazırda kredit portfelinin 2 milyon 523 min manatı xidmətə, 2 milyon 329 min manatı ticarətə, 1 milyon 523 min manatı aqrar sahəyə, 626 min manatı istehlaka, 528 min manatı fərdi sahibkarlığa, 106 min manatı isə istehsal sahəsinə yönəlib.
Qeyd edilməlidir ki, “FinEx Kredit” ölkədə tək-tük real sektora bu qədər maraqlı olan BOKT saymaq olar. Adətən ölkədəki qeyri-bank təşkilatlarında istehlakın həcmi 90% üzərində olur.
Beləliklə, BOKT-un aktivləri 9 milyon 464 min manat olub.
Yenə də mənfəət əldə edib
Təşkilat ötən il ərzində 2 milyon 118 min manatlıq verdiyi kreditlər üzrə faiz gəliri əldə edib, 906 min manat faiz xərci çəkib. Nəticədə, BOKT ötən il ərzində faiz gəlir-xərci fərqindən 1 milyon 213 min manat xeyir tutub.
İnzibati və digər çərcləri çıxıldıqdan sonra təşkilatın 271 min manat həcmində xalis mənfəəti qalıb. Bu mənfəət nəticəsində bölüşdürülməmiş mənfəətinin həcmi 266 min manata çatıb.
Xatırladaq ki, BOKT-un 800 min manatlıq səhmləri Mobil Şərifov (31%), Şəlalə Tağıyeva (26%), Sevda İbrahimova (24%), Ramina Allahverdiyeva (18%) və Tahir Namazov (1%) adlı şəxslərə məxsudur.