Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib.
Bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Finlandiya Respublikasının Prezidenti hökumətin təklifi əsasında bu məsələ ilə bağlı qərar verib.
Bu, Finlandiyanın Ukraynaya ayırdığı 22-ci müdafiə yardımı paketidir. Hərbi yardım paketinin dəyəri təxminən 190 milyon avrodur. Bununla da Finlandiyanın Ukraynaya çatdırdığı müdafiə materialının ümumi dəyəri 1.8 milyard avro təşkil edir.
Qeyd olunub ki, son ayrılan yardım paketinə Ukraynaya dəstək üçün ayrılmış 30 milyon avroluq ayrıca maliyyə ilə yerli sənayedən alınmış məhsullar da daxildir.
Hərbi yardımla bağlı şərh verən Finlandiyanın müdafiə naziri Antti Hakkänen deyib ki, milli və daha geniş miqyasda Ukraynaya uzunmüddətli perspektivdə dəstək üçün yeni yollar tapılmalıdır. “Biz hazırda Ukraynaya dəstək üçün uzunmüddətli plan hazırlayırıq”, – müdafiə naziri bildirib.
Bundan əlavə, Finlandiya Ukraynaya silah yardımını koordinasiya edən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun nəzdində fəaliyyət göstərən artilleriya və minalardan təmizləmə koalisiyalarında iştirak etmək qərarına gəlib.
Nazirlik bildirib ki, yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün yardımın təfərrüatlı məzmunu, çatdırılma üsulu və qrafiki açıqlanmayacaq.