Finlandiyanın hüquq-mühafizə orqanları rusiyalılara məxsus üç şəxsi təyyarəni müsadirə edib.
Buna “Polar Aviation Oy” kompaniyasının idarə etdiyi təyyarələrin Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına salınmış Rusiya vətəndaşlarına aid olması və ya onlar tərəfindən istifadə edilməsi ilə bağlı şübhələr səbəb olub.
Finlandiya kompaniyası isə öz növbəsində sanksiya siyahısına daxil olan şəxslərə xidmət göstərmədiyini bildirib.
2022-ci ilin fevral ayından bəri Finlandiyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində əmlak müsadirəsi üzrə 187 prosedur həyata keçirib. Müsadirə edilən aktivlərin dəyəri 191 milyon avro (təxminən 198 milyon dollar) həcmində qiymətləndirilir.