19 C
Baku
Thursday, May 2, 2024

Finlandiyanın maliyyə sistemi

Bütün Skandinaviya bank sistemləri kimi Finlandiyanın bank sistemi də böhran yaşamışdır. Fin markası devalvasiyaya məruz qalmışdır, bu da xarici investorların etibarını sarsıtdı, xarici kapitalın ölkədən çıxmasına və bir çox kiçik müəssisələrin bankrot olmasına səbəb oldu.

90-cı illərin sonuna yaxın fin banklarının dövriyyələri yenidən artdı. Ən iri yerli banklara aiddir: Merita, Postipanki və Onobank. Merita 1995-ci ildə 144 mln dollara Kansallis Osana və Yunion Bankı satın alaraq, kapitalın həcminə görə Şimali Skandinaviyanın ən iri üçüncü bankına çevrildi. Əhali əmanətinin 43%-i və korporativ kreditin 60%-i isə bankın əlində cəmləşmişdi.

1992-ci ildə bank böhranı şəraitində Dövlət təminat fondu yaradılmışdır. Bu, bankların sığorta fondlarını təkmilləşdirmək, bütünlükdə bank sisteminin stabillik və etibarlılığını təmin etmək, əmanətçilərin onlara olan inamını qorumaq, əmanətlərin kütləvi şəkildə götürülməsi ehtimalını azaltmaq məqsədilə həyata keçirilmişdi. Maliyyə sisteminin funksiyalarının normallaşdırılması əmanətlərin zəmanət sisteminin yenidən formalaşdırılması məsələsini ön plana çıxardı.

1997-ci ildə Finlandiyada qəbul edilmiş qanuna görə 1998-ci ildə ölkədə əmanətlərin sığorta edilməsinin yeni qaydaları tətbiq olunmağa başlandı. Əvvəllər bütünlüklə dövlət sığortası vasitəsilə təmin edilən əmanətçilərin mənafeyi indi Depozitlərin təminatı fondu tərəfindən qorunur. Bu fondda məcburi qaydada bütün əmanət qəbul edən banklar iştirak edir.

Əvvəlki sistem ilə müqayisədə qanunla əmanətin həcmindən asılı olmayaraq bütün məbləğin qarantiya edilməsi əvəzinə ayrı-ayrılıqda hər bir bankın hər bir əmanətçisi üçün əmanətin qarantiya edilməsinin yuxarı həddi müəyyən edilmişdi. Bankın ödəmə qabiliyyəti olmadığı təqdirdə hər bir əmanətçi – fiziki və ya hüquqi şəxs Fonddan 150 min fin markasından çox olmayaraq kompensasiya almaq hüququna malikdir. Sxem həmçinin hələ alıcının hesabına yatırılmamış hesablaşmalardakı vəsaiti də özünə daxil edir. Məsələn, əmanətçinin şəxsi evinin satışından əldə etdiyi vəsaitləri yeni evin alınması üçün sərf etməsi və ya 14 noyabr 1997-ci ildə qoyulmuş müddətli depozitlər. Məhdud qarantiya əmanətçilərin əksəriyyətini bütünlüklə əhatə edir, belə ki əmanətçilərin 95%-in depoziti 150 min markanı keçmir. Həcminə görə isə yalnız əmanətlərin 60%-i təmin edilir.

Tam sığortalamanın qismən sığortalanma ilə əvəz edilməsi onunla əlaqədardır ki, əvvəllər mövcud olan tam ödənişin dövlət tərəfindən təmin edilməsi banklar tərəfindən riskin qiymətləndirilməsinə yetəri qədər diqqətin ayrılmaması ilə nəticələnirdi. Bankların aşkar diqqətsizliyi əmanətçilərin laqeydliyi ilə tamamlanırdı, belə ki əmanətçilər seçdikləri bankın maliyyə vəziyyəti və kapital yetərliliyi ilə maraqlanmırdı. Kompensasiyanın yuxarı həddini müəyyən edən yeni qanun iri əmanətçiləri depozit qoymaq istədikləri bankın maliyyə vəziyyətini diqqətlə təhlil etməyə vadar etdi. Bununla da, dövlət yalnız o əmanətçiləri yüz faiz müdafiə edir ki, həmin əmanətçinin bankın etibarlılıq səviyyəsini qiymətləndirmək imkanı olmur.

Finlandiyada depozitlər üzrə kompensasiyanın maksimal məbləği digər ölkələrlə müqayisədə o qədər də yuxarı deyil. 1998-ci il 2 fevralın məzənnəsi üzrə məbləğləri Fin markasına çevirdikdə qarantiyalar zəmanətlər (qarantiyalar) yalnız aşağıdakı depozit məbləğlərinə şamil edilir:

  • Avstriya – 111900;
  • İsveçrə – 112200;
  • Yunanıstan – 119500;
  • Hollandiya — 120900;
  • İsveç – 170700;
  • Böyük Britaniya — 180900;
  • Portuqaliya — 201700;
  • Danimarka – 238400;
  • Fransa — 361400;
  • ABŞ – 556000;
  • İtaliya – 614000;
  • Norveç — 1462400.

Fondun məqsədi – əmanətlərin qarantiya edilməsidir və onun resursları bankın kapital bazasının gücləndirilməsinə yönəldilə bilməz. Başqa sözlə, bankın zərərləri Fond hesabına örtülə bilməz. Fond Maliyyə nazirliyi tərəfindən hazırlanmış qanuna uyğun olaraq, bankların özləri tərəfindən idarə olunur, onlar üzərində nəzarət Maliyyə nəzarəti idarəsi tərəfindən həyata keçirilir.

Bütün banklar Fonda illik haqq ödəməyə məcburdur, bu haqlar elə hesablanır ki, bankların öz kapital bazalarını gücləndirməyi stimullaşdıra bilsin. Fiksə edilmiş haqq dərəcəsi qarantiya edilən depozitlərin 0,05%-i təşkil edir. Bundan əlavə banklar ödəmə qabiliyyətliliyi əmsalından asılı olaraq haqq da ödəməlidir: kapital bazası nə qədər güclüdürsə, haqq bir o qədər aşağıdır. Ödənişin bu növünün yuxarı həddi qarantiya edilən depozitlərin 0,25%-ə çatır. Əgər Fondun xalis aktivləri bank depozitlərinin qarantiya olunmuş 2%-lik minimal səviyyəsini keçirsə, bu haqlar 3 dəfə azaldılacaq. Ehtimal olunur ki, Fond bu həddə 10-15 il sonra çata biləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər