23 C
Baku
Friday, June 6, 2025

“Finoko”nun həyatda qalıb-qalmaması sahiblərinin ümidinə qalıb: BOKT-də kapital çatışmazlığı var

“Finoko” BOKT ASC 2024-cü ili 3.17 milyon manatlıq xalis zərərlə yekunlaşdırıb və illərin yığılmış zərəri 7.12 mln. manata yüksəlməsi nəticəsində kapitalında defisit yaranıb.

Banker.az kredit təşkilatının illik audit hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə (1.62 milyon manat) zərərin iki dəfədən çox artması deməkdir.

“Finoko”nun faiz gəlirləri 2023-cü ildə 6.58 milyon manat olduğu halda, 2024-cü ildə bu göstərici 4.98 milyon manata düşüb – bu, 24.3% azalma deməkdir. Eyni zamanda, faiz xərcləri cüzi dəyişməklə 4.79 milyon manatdan 4.91 milyon manata yüksəlib. Nəticədə faiz gəlirləri üzrə xalis marja 1.79 milyon manatdan cəmi 67 min manata qədər azalıb.

Kredit zərərləri üzrə ehtiyat xərcləri də nəzərəçarpacaq dərəcədə artıb – 704 min manatdan 1.68 milyon manata yüksəlib ki, bu da 139% artım deməkdir. Bu faktor nəticəsində kredit zərərləri nəzərə alındıqdan sonra faiz marjası 1.08 milyon manat mənfəətdən 1.6 milyon manat zərərə çevrilib.

Haqqlar və digər gəlirlərdə də geriləmə müşahidə olunub. Haqq və komissiya gəlirləri 2024-cü ildə 14.3 min manat olub, bu da 2023-cü ildəki 17.9 min manatla müqayisədə azalmadır. Əvəzində inzibati və sair əməliyyat xərcləri 2.82 milyon manatdan 2.52 milyon manata enib, lakin ümumi zərərin qarşısını almaq üçün bu kifayət etməyib.

BOKT 2024-cü ildə 1.08 milyon manat mənfəət vergisi ödəyib, bu da əvvəlki illə müqayisədə (258 min manat) dörd dəfə çoxdur.

BOKT-un maliyyə balans vəziyyəti də pisləşib. 2023-cü ildə 33.38 milyon manat olan cəmi aktivlər 2024-cü ildə 23.42 milyon manata düşüb – bu, 29.8% azalmadır. Əsas azalma müştərilərə verilmiş kreditlərdə müşahidə olunur: bu göstərici 23.5 milyon manatdan 13.3 milyon manata qədər azalıb (43.4%).

Cəmi öhdəliklər isə 31.77 milyon manatdan 25.18 milyon manata enib. Buraxılmış istiqrazlar və digər borc kağızları 17.22 milyon manatdan 14.48 milyon manata enib.

Lakin “Finoko”nun cəmi kapitalı sıfırın altına düşüb – ötən ilin sonunda 1.61 milyon manatlıq müsbət cəmi kapital bu ilin sonunda 1.76 milyon manat kəsirli kapitala çevrilib. Yəni BOKT cəmi öhdəliklərini qarşılamaq üçün kifayət qədər aktivə sahib deyil və ötəm ili zərər etdiyindən kapitalda 3.4 milyon manatdan çox azalma baş verib. Kapital çatışmazlığı o deməkdir ki, BOKT-nin öhdəlikləri aktivlərini üstələyir və bu, həm maliyyə sabitliyi, həm də tənzimləyici tələblərə uyğunluq baxımından ciddi problemdir. Azərbaycan Mərkəzi Bankının (AMB) kapital adekvatlığı üzrə minimum tələbləri var. İndi səhmdarların (Ümumi Yığıncaq) BOKT ilə bağlı verəcəyi kapital artımı qərarı BOKT üçün həyati əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, cari ilin aprelində AMB 2025-ci ilin aprelində “Finoko” BOKT ASC-yə icrası məcburi göstəriş verib. Səbəb, qurumun I rüb üzrə prudensial hesabatları qanunvericiliyin 24.2-ci maddəsini pozaraq təqdim etməməsi olub. Mərkəzi Bank bu halda 25.1.5-ci maddəyə əsaslanaraq hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim olunmasını tələb edib.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4.855 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

 

45353443534

Son xəbərlər
Digər xəbərlər