Müasir biznes dünyasını, xüsusən də, bank və maliyyə sektorunu innovativ texnoloji həllərsiz təsəvvür etmək çətindir. Bu həllərə tələbin artması müasir maliyyə texnologiyalarının – Fintech`lərin əhəmiyyətini daha da artırır, onların dövlət və özəl sektor tərəfindən dəstəklənməsini zəruri edir. “Financial technology” (qısaca fintech) – bank-maliyyə xidmətlərini müasir və innovativ texnoloji vasitələrlə daha rahat, sürətli və əlçatan edən platformalar, maliyyə alətləri təklif edən biznes subyektləridir.
Fintech`lərin yaranma zəruriyyəti
Bazarda rəqəmsallaşma dalğası, müştəri tələbatı, artan rəqabət və ərazilər üzrə bəzi bank məhsul və xidmətlərinin əlçatan olmaması Fintech`lərin yaranması üçün münbit şərait yaradıb. Fintech`lər sadəcə yeni biznes modeli kimi deyil, həm də iqtisadi və sosial ehtiyacın tələbi olaraq formalaşıb. Fintech`lərin meydana gəlməsi və inkişafı özü ilə birlikdə iqtisadi, xüsusilə də maliyyə alətləri sahəsinə bir çox müsbət həllər gətirib. Onlara misal olaraq aşağıdakıları qeyd etmək olar:
- Kiçik sahibkarlar və fərdi müştərilər üçün maliyyə alətlərinə çıxış imkanını genişləndirib
- Transsərhəd ödənişləri asanlaşdırıb və qlobal ticarətə dinamika gətirib
- Biznes subyektlərini daha bahalı və vaxt aparan əməliyyatlardan azad edib
- Bank sisteminin xidmət göstərmədiyi və ya gecikdiyi sahələri doldurub
- Təklif olunan elekron məhsul və xidmətlərin maya dəyərinin nisbətən azaldılmasına kömək edib
- Rəqabəti artıraraq ənənəvi bankları da innovasiyaya məcbur edib
- Yeni innovativ texnoloji həlləri praktikada tətbiq edərək, onların daha da təkmilləşməsinə şərait yaradıb
Ölkəmizdə fintech bazarı
Son illər ölkəmizdə də fintech bazarı təşəkkül tapıb və inkişaf yolunu uğurla davam etdirməkdədir. Azərbaycanda fintexlərin yaranması, sadəcə “dünyada trenddir, bizdə də olsun” yanaşması deyil. Bu, həm də:
- maliyyə inklüzivliyinin artırılması,
- rəqəmsal iqtisadiyyatın sürətləndirilməsi,
- nağdsız ödənişlər payının böyüdülməsidir.
Fintech sahəsində ölkəmizdə fəaliyyət göstərən elektron pul təşkilatlarını xüsusi qeyd etmək yerinə düşər. Elektron pul təşkilatları elekton pulun emissiyası, elektron pul dövriyyəsnin təşkili və inkişafında, elektron pulla bağlı əməliyyatların genişlənməsində xüsusi rolları ilə seçilirlər. Bu sahədə Mərkəzi Bank tərəfindən irəli sürülən lisenziyalaşma və tənzimlənmə tələbləri qarşıya çıxa biləcək çatışmazlıq və uyğunsuzluqların aradan qaldırılmasına kömək edir. Həmçinin, AML qaydalarına ciddi əməl olunmasına qoyulan requlyativ tələblər bu sahəni iqtisadi cəhətdən daha etibarlı və güvənilə bilən biznes tərəfdaşı edir. Risklərin idarəolunması və onunla əlaqəli strukturların yaradılması tələbi müvafiq bazarı daha çox tənzimlənən və yarana biləcək risklərə qarşı daha çevik və elastik etməyə imkan verir.
Fintech`lər daha müasir, daha rahat maliyyə alətləri və platformalarını təqdim etmə imkanına malik olduqlarına görə bəzi ekspert dairələrində haqlı olaraq “Neobankçılıq” kimi də qəbul edilirlər. Fintech`lərin sürətlə və innovativ istiqamətdə inkişaf etməsi, istənilən məkanda bir “kliklə” bank, sığorta və s. sahələrin məhsullarından yararlanmaq imkanı yaradır, hesablar və depozitlər üzrə məlumatlara asan çıxışı təmin edərək bank və bank olmayan kredit təşkilatlarını rəqabətə tab gətirmək üçün hərəkətləndirir. Rəqəmsallaşma və elektron xidmətlərin inkişafı, say tərkibinin artırılması üzrə layihələrin icrasına investisiya qoyuluş-larına sövq edir. Bu isə öz-özlüyündə, hər iki sahədə həm keyfiyyət, həm də kəmiyyət üzrə müsbət nəticələrə, yeni bazarlara, həmçinin yeni müştəri seqmentlərinə çıxışa imkan yaratmaqla, inkişafa yol açmış olur.
Fintech`lər dünya miqyasında maliyyə xidmətlərinin gələcəyini formalaşdıran, beynəlxalq maliyyə və bank əməliyyatları sistemində xüsusi yer və pay tutmağa sürətlə can atan biznes subyektləri kimi qəbul edilməli olduqlarını isbatlayıblar. Təsadüfi deyil ki, dünya üzrə tanınmış maliyyə, IT texnologiya, investisiya şirkətləri fintech sahəsi üzrə startap layihələrinə hər il, həcmi milyardlarla ölçülən vəsaitlər xərcləyirlər. Bütün bu yanaşmalar fintech sahəsinin gələcək perspektivdə daha da cəlbedici və gəlirli olacağını deməyə əsas verir.
Bank məsələləri üzrə ekspert Emin Kərimov