0 C
Baku
Friday, February 28, 2025

Firidun Tağıyev: “Ağalıda torpaqlar əkin məqsədi ilə icarə haqqı olmadan istifadəyə veriləcək”

Zəngilan rayonunun Ağalı kəndindəki kənd təsərrüfatı təyinatlı torpaqlar əkin məqsədi ilə heç bir icarə haqqı olmadan istifadəyə veriləcək.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.

Onun sözlərinə görə, sabahdan müraciətlərin qəbuluna başlanır: “Ağalı kəndində 110 hektar ərazi seçilib. Həmin ərazi hər biri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş, kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən – şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur”.

Nazirlik rəsmisi əlavə edib ki, icarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq: “Torpaq 2 illik veriləndən sonra monitorinqin nəticələrinə əsasən müddət 3 il olacaq, 5 illik icarə isə 15 il üçün nəzərdə tutulacaq. Ağalı kəndində torpaq ehtiyatları məhduddur. Tələb-təklifi üstələyəcəyi təqdirdə bir parselin bir neçə müraciətçiyə və yaxud bir neçə ailəyə verilməsi nəzərdə tutulur”. (Report)

Son xəbərlər
Digər xəbərlər