Dünya ölkələrində inflyasiya gözlənilmədən yüksək və uzunmüddətli olub, lakin o, 2022-ci ilin ikinci yarısında yavaşlamalıdır.
Bu barədə “Fitch” reytinq agentliyinin dekabr ayı üçün açıqladığı Qlobal İqtisadi Perspektivlər (Global Economic Outlook) proqnozunda deyilir.
“Qlobal inflyasiya 2022-ci ilin ikinci yarısında əmtəə qiymətlərinin sabitləşməsi və enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi ilə yavaşlamalıdır. Lakin inflyasiyanın artmasına səbəb olan şoka görə GEO-da faiz proqnozlarımızı yenidən nəzərdən keçirmişik”, – agentlik yazır.
“Fitch” ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 2022-ci ilin sentyabrında artıracağını, Avropa Mərkəzi Bankının uçot dərəcəsini 2023-cü ilə qədər hazırkı 0% səviyyəsində saxlayacağını, İngiltərə Bankının uçot dərəcəsini bu ay, amma bir qədər sonra (dekabrın 16-na iclas planlaşdırılıb) artıracağını, Çin Xalq Bankının isə 2022-ci ildə uçot dərəcəsini azaldacağını gözləyir.
“Fitch” qeyd edib ki, 2020-ci ilin dekabr ayından etibarən agentliyin iqtisadiyyatlarını monitorinq etdiyi 20 ölkənin hamısında inflyasiya artıb. Yalnız İndoneziya və Hindistan bu baxımdan istisna təşkil edir. Bütövlükdə Asiya ölkələri ciddi sarsıntıdan yayına bilib. Amma Türkiyə, Polşa, İspaniya, Almaniya və ABŞ barədə bu sözləri demək qeyri-mümkündür. Eyni zamanda, “Fitch” hesab edir ki, pandemiya zamanı istehsal tədarükündə yaranmış fasilələr və bəzi malların çatışmazlığı səbəbindən baş vermiş qiymət dəyişiklikləri istehlak strukturunun normallaşması və fiskal dəstəyin başa çatması ilə inflyasiyaya təsirini dayandırmalıdır. Bununla belə, qiymət dəyişikliklərinin təsiri gözlənildiyindən daha uzun olub.
“Hazırda pandemiya ilə əlaqədar tədarükdə yaranmış fasilələr və bəzi malların qıtlığı ilə bağlı şok qiymət səviyyəsinin uzunmüddətli inflyasiyaya çevrilməyə başladığının əlamətləri var. Bankların pul siyasəti hələ də yumşaqdır və bu, mərkəzi bankların rəhbərlərini narahat edir”, – relizdə “Fitch”in baş iqtisadçısı Brayan Koultonun sözləri yer alıb.
Bununla belə, agentlik güman edir ki, cavab olaraq əməkhaqqı və əmək xərcləri artarsa, qiymət sarsıntıları daha yüksək və daha uzunmüddətli inflyasiyaya çevrilə bilər. “İnflyasiya gözləntiləri burada həlledici rol oynayır, çünki onlar əmək haqqı tələblərinə və şirkətlərin qiymətlərlə bağlı qərarlarına təsir edə bilər”, – agentlik hesab edir.