“Fitch” beynəlxalq reytinq agentliyi “Kapital Bank” və “Paşa Bank” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini “B+” səviyyəsindən “BB-” səviyyəsinə yüksəldib. Agentlik “Kapital Bank”ın dayanıqlılıq reytinqini “b”dən “b+”ə qaldırıb. Həmçinin, “Access Bank”ın reytinqini “BBB-” səviyyəsində təsdiq edib.
“Fitch” reytinqlərin yüksəldilməsinə səbəb kimi hər iki bankın ehtiyac olduqda Azərbaycan hökuməti tərəfindən dəstəklənəcəyini əsas gətirib. Həmçinin, reytinqlərin artırılmasında Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyə vəziyyətinin yaxşılaşmasını əsas gətirib.
Agentlik “Kapital Bank” və “Paşa Bank”ın “Paşa Holdinq”in tərkibində olduğunu və bazardakı məcmu depozit portfelinin 14,1%-nə (“Kapital Bank” – 6%, “Paşa Bank” – 8,1%), məcmu kredit portfelinin 8,8%-nə (“Kapital Bank” – 5,6%, “Paşa Bank” – 3,2%) sahib olduğunu, bununla da ABB-dən sonra ikinci ən böyük bank qrupu olduğunu qeyd edib. Bununla yanaşı, “Kapital Bank”ın geniş filial şəbəkəsinə malik olması və pensiyalarla bərabər, digər sosial ödənişləri həyata keçirməsinin önəmini vurğulayıb.
“Kapital Bank”ın problemli kreditlərinin 2015-ci ilin ilk yarısında məcmu istehlak kreditlərinin 0,5%-i olması qeyd edilib. Korporativ sektorda aktivlərin keyfiyyətinin zəif olması ilə bərabər, inşaat kreditlərindəki zəmanətsiz kreditlər korporativ kreditlərdə problemli kreditlərin payını 26%-ə yüksəldib. Bununla da ümumilikdə problemli kreditlərin payı 9%-ə çatıb.
Buna baxmayaraq, “Kapital Bank” 2013-2014-cü illərdə kapitalını 100 mln. manat artırıb və kapitalın adekvatlılıq əmsalı 2015-ci ilin ilk yarısında 19,2%-ə çatıb.
Agentlik “Kapital Bank”ın müştərilərinin 2015-ci il sentyabrın 1-nə vəsaitlərinin 34%-ni geri çəkməsinə baxmayaraq, likvidlik yastığının güclü olması səbəbindən bank buna tab gətirə bilib.
“Paşa Bank”ın dayanıqlılıq reytinqi bankın yüksək kapitallaşması və aktivlərinin keyfiyyətini əks etdirir. Bununla belə, reytinq əməliyyat mühitinin zəif olması və kreditlər üzrə yüksək zərərlər səbəbindən artmır. Bu ilin ilk yarısında “Paşa Bank”ın kapitalının adekvatlılıq əmsalı 20,4% təşkil edib.
Bununla yanaşı qeyd olunur ki, “Paşa Bank” və “Kapital Bank”ın reytinqləri onların bazar payının və Azərbaycanın suveren reytinqinin yüksəlməsi ilə arta bilər.
Bundan başqa, “Fitch” “Access Bank”ın reytinqinin “BBB-” səviyyəsində təsdiqini bankın xarici maliyyə institutları olan səhmdarlarından maliyyə dəstəyi alması ilə əlaqələndirib. Agentlik beynəlxalq malyyə institutlarının inkişaf etməkdə olan ölkələrdə mikromaliyyələşmə sektorunda iştirak proqramı çərçivəsində “Access Bank”a risk menecmenti sahəsində kömək etdiyini bildirib. Eyni zamanda, banka vaxtlı-vaxtında dəstək verilməsi istiqamətində bir qədər tərəddüdlər mövcuddur. Agentlik bunu səhmdarların sayının çoxluğu və ani qərarın verilməsində çətinliklə əlaqələndirir.
Report