“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) reytinqini müvafiq restrukturizasiya prosesindən sonra qiymətləndirəcəyini bildirib.
“Report”un “Fitch” agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 27-də Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, AİF-in ASC-yə çevrilməsi prosesinin tezliklə tamamlanması gözlənilir. Yeni təşkilatın nizamnaməsinin 2016-cı ilin iyununda təsdiqləndiyini bildirən Agentlik, sentyabrın sonunda 100% dövlətə aid olan AİF-in səhmlərinin emissiyasının qeydiyyata alındığını vurğulayıb. Agentlik AİF-in kredit reytinqinin Azərbaycanın müstəqil reytinqi ilə eyni səviyyədə, yəni “BB+” (neqativ) olduğunu xatırladıb.
Qeyd edək ki, 2016-cı il martın 2-də “Fitch” reytinq agentliyi AİF-in yerli və xarici valyutada uzunmüddətli reytinqini Azərbaycanın kredit reytinqini azaltdıqdan sonra onunla eyni səviyyəyə endirib.