8 C
Baku
Tuesday, March 10, 2026

“Fitch”: Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal valyutanın işə salınması zamanı böyük ehtimalla ikisəviyyəli model seçəcək.

Bunu “Fitch” beynəlxalq reytinq agentliyinin maliyyə institutları – banklar üzrə kiçik direktoru Maksim Malyutin bildirib.

“Bu sxem çərçivəsində mərkəzi bankın rəqəmsal valyutasının (CBDC) emissiyası tənzimləyicidə qalacaq, paylama funksiyaları və son istifadəçilərə birbaşa xidmət isə kommersiya banklarına veriləcək”, – M.Malyutin deyib.

Ekspert qeyd edib ki, bank müəssisələri AMB-nin platformasına qoşulmaq, eləcə də yenilənmiş komplayens tələblərini yerinə yetirmək və hesablaşmalar aparmaq üçün, böyük ehtimalla, informasiya texnologiyalarının inteqrasiyasına, kibertəhlükəsizliyin gücləndirilməsinə və əməliyyat proseslərinin uyğunlaşdırılmasına vəsait yatırmalı olacaqlar.

“Müştərilərin öz vəsaitlərinin bir hissəsini bank hesablarından CBDC-yə köçürməyə başlayacağı təqdirdə depozit bazasının əvəzlənməsi bank sektoru üçün əsas təhlükə ola bilər. Bu, kredit təşkilatlarının dayanıqlı maliyyələşməsini və likvidlik ehtiyatlarını zəiflədə, eləcə də onların daha bahalı maliyyələşmə mənbələrindən asılılığını gücləndirə bilər”, – M.Malyutin bildirilib.

Analitikin sözlərinə görə, bu riskin dərəcəsi əhəmiyyətli dərəcədə CBDC-nin arxitekturası ilə müəyyən edilir: qalıqlar üzrə mükafatların hesablanmasının nəzərdə tutulub-tutulmayacağı, sahib olma və konvertasiya həcmlərinə hansı məhdudiyyətlərin qoyulacağı, habelə xüsusilə maliyyə qeyri-sabitliyi dövrlərində bank depozitləri ilə rəqəmsal valyuta arasında köçürmələr həyata keçirilməsinin nə dərəcədə asan olacağı.

“Risklərlə yanaşı, CBDC nağd pulun işlənməsi xərclərini azaldaraq və yeni rəqəmsal məhsulların yaradılması üçün imkanlar açaraq ödəniş əməliyyatlarının səmərəliliyini artıra, hesablaşmaları sürətləndirə, tranzaksiyaların daha böyük şəffaflığını təmin edə bilər. Bununla belə, banklar üçün müsbət təsir, böyük ehtimalla, mərhələli şəkildə artacaq və ilkin kapital qoyuluşları hesabına qismən neytrallaşacaq”, – “Fitch”in kiçik direktoru əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər