“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq üçün səbəb görmür.
Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” adlı vebinar zamanı bildirib.
Onun sözlərinə görə, dövlət borcu Azərbaycanın kredit profilinin açıq-aşkar güclü tərəfidir.
“2025-ci il vəziyyətinə görə onun həcmi ÜDM-in 20 %-dən bir qədər çoxdur ki, bu da müəyyən olunmuş 30 %-lik həddən xeyli aşağıdır. Bu sahədə biz narahatlıq üçün səbəb görmürük”, – Ramakrişnan vurğulayıb.
Qeyd edək ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat (ÜDM-in 19,5 %-i) təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 % azalıb.
Dövlət borcunun strukturunda 17 milyard 46,8 milyon manat daxili borcun payına düşür, 4 milyard 893,1 milyon ABŞ dolları və ya 8 milyard 318,3 milyon manat isə xarici borcdur. 2024-cü il oktyabrın 1-i ilə müqayisədə daxili borc 0,8 %, xarici borc isə 7,7 % azalıb.






