“Azərbaycanın aşağı borc səviyyəsi (2023-cü ilin sonuna 21.8%) ilə dəstəklənən güclü xarici balansı, yüksək neft qiymətlərindən yaranan gözlənilməz gəlirləri idarə etmək üçün daha ehtiyatlı fiskal mövqeyə sadiqlik ölkənin kredit reytinqinin 2022-ci ildən “Müsbət” proqnozla təsdiqlənməsini şərtləndirib”.
Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib. Reytinq agentliyi bununla belə hesab edir ki, zəif pul siyasəti, karbohidrogenlər gəlirlərindən aslılıq və iqtisadi artım tempinin aşağı olması kimi zəif nöqtələr qalmaqdadır. Yüksək likvidlik, inkişaf etməmiş yerli bazar və yüksək maliyyə dollarlaşması səbəbindən pul siyasəti məhdudlaşdırılmaqda davam edir.
“Fitch” qeyd edib ki, uçot dərəcəsinin bazara təsirinin artırılması ilə bağlı yeni Mərkəzi Bank alətlərinin tətbiqi və maliyyə dollarlaşmasının azaldılması səyləri vasitəsilə müəyyən irəliləyiş əldə edilib, lakin neft gəlirlərinin dəyişkənliyindən yaranan riskləri idarə etmək üçün əsas rıçaq fiskal siyasətdir.
“Dövlət büdcəsinin profisitliliyini qoyurub saxlanılması və siyasət çərçivəsinin effektivliyinin təkmilləşdirilməsinin xarici şokları idarə etməyə və makro dəyişkənliyi azaltmağa kömək edəcəyinə daha çox inam ölkənin kredit reytinqinə müsbət təsir edə bilər”- “Fitch” əlavə edib.
Qeyd edək ki, “Fitch Ratings” bu il fevralın 17-də Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyib.