“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqi (IDR) üzrə proqnozu “stabil”dən “müsbət”ə dəyişərək IDR və yüksək təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin məlumatında deyilib.
Bildirilib ki, bərpa reytinqi “RR4” səviyyəsində təsdiqlənib.
“Reytinq hərəkəti Azərbaycanın suveren reytinqi (“BB+”/Müsbət) üzrə proqnoza yenidən baxılmasından və SOCAR-ın kredit qabiliyyətinin güclənməsindən sonra həyata keçirilir ki, bu da onun müstəqil kredit profilinin (SCP) yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, – “Fitch” qeyd edib.
SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərdir. Bu, şirkətə maliyyə zəmanətləri, pul vəsaitləri və kapitala investisiyalar şəklində göstərilən dövlət dəstəyi, habelə SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət mexanizmi kimi əhəmiyyəti ilə gücləndirilir.
“Biz SOCAR-ın kredit qabiliyyətini “b+” səviyyəsində qiymətləndiririk”, – məlumatda deyilib.
Azərbaycanda neft və qaz layihələrinin əksəriyyəti SOCAR-ın minoritar payına malik olduğu və onun da dövləti təmsil etdiyi və xam neft və qaz payının (mənfəət nefti) satışında iştirak etdiyi hasilatın pay bölgüsü sazişləri əsasında həyata keçirilir. Bundan əlavə, SOCAR dövlət tərəfindən dəstəklənən bəzi digər böyük enerji layihələrində, məsələn, Cənub Qaz Dəhlizi layihələrində paya malikdir.
“Hökumət daxili yanacaq qiymətlərinin tənzimlənməsi, nağd pul inyeksiyaları, hökumətin apardığı bölgü və digər tədbirlər vasitəsilə SOCAR-ın gəlirliliyinə və balansına əhəmiyyətli nəzarəti həyata keçirir. Hesab edirik ki, hökumətin SOCAR üçün adekvat maliyyələşdirməni saxlamaq üçün stimulları var”, – “Fitch” bildirib.