9 C
Baku
Friday, February 20, 2026

“Fitch Solutions”: ABŞ 2026-cı ildə Azərbaycan və Ermənistanla əməkdaşlığı tam miqyasda intensivləşdirəcək

Azərbaycan və Ermənistanın ABŞ ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində səylər 2026-cı ildə həm iqtisadi, həm də geosiyasi müstəvidə tam həcmdə davam edəcək.

Banker.az  “Fitch Solutions” beynəlxalq analitik şirkətinə istinadən xəbər verir ki, ABŞ Bakı və İrəvan üçün Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyətli alternativinə çevrilir.

“Bununla belə, biz xüsusilə ABŞ-nin regionda geostrateji mövcudluğunun genişlənməsi fonunda Azərbaycana qarşı geniş ikinci dərəcəli sanksiyaların tətbiqini gözləmək üçün hələ də ciddi əsaslar görmürük”, – hesabatda qeyd olunur.

Vaşinqtonun fəallığı 2025-ci ilin avqustunda ABŞ paytaxtında keçirilən sammitdə Azərbaycan və Ermənistan liderlərinin ilkin sülh sazişini imzalamasından sonra artıb. Sazişin elementlərindən biri ABŞ-nin Ermənistanı onun ərazisindən keçən, Azərbaycanın əsas hissəsini Türkiyə ilə həmsərhəd olan Naxçıvanla birləşdirəcək tranzit dəhlizinin yaradılmasında dəstəkləmək öhdəliyi oldu.

Hesabatın müəllifləri xatırladırlar ki, Ermənistanın 2026-cı ilin yanvarında imzaladığı sazişə əsasən TRIPP layihəsi (Trump Route for International Peace and Prosperity) 74 % ABŞ-a məxsus olacaq.

2026-cı ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey Di Vens regiona səfər edərək Vaşinqtonun Bakı və İrəvanla strateji tərəfdaşlığa dəstəyini təsdiqləyib.

“Səfər zamanı əməkdaşlığın əlavə istiqamətləri müəyyən edilib: kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığın inkişafı, nəqliyyat və gömrük infrastrukturunun modernləşdirilməsi, qabaqcıl texnologiyaların ixracı, habelə Rusiyadan asılılığı azaltmaq üçün köhnəlmiş “Metsamor” AES-in ABŞ-nin kiçik modul reaktorları ilə əvəz edilməsində Ermənistana yardımın göstərilməsi.

Azərbaycanda razılaşmalar enerji təhlükəsizliyi, dəniz infrastrukturu və logistika sahələrini əhatə edir ki, bu da onun regional tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirməlidir”, – “Fitch Solutions” vurğulayır.

Hesabatın müəlliflərinin qiymətləndirmələrinə görə, investorlar artıq TRIPP layihəsinə böyük maraq göstərirlər, D.Vens isə əlaqəli təşəbbüslərə “milyardlarla ABŞ dolları” cəlb oluna biləcəyini bəyan edib

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər