12 C
Baku
Saturday, November 23, 2024

‘Fitch’in Azərbaycanla bağlı son proqnozu nə deyir?

Fitch reytinq agentliyinin açıqlamasına görə, Azərbaycanın xarici aktivləri (Neft Fondu və Mərkəzi Bank) 2020-ci ilin sonuna 38,3 milyard dollara qədər azalacaq. Məlumat üçün bildirim ki, 2019-cu ilin sonuna bu göstərici 49,5 milyard USD, 2020-ci ilin I yarısında isə 49,7 milyard USD olub. Aydındır ki, açıqlama iyulun 17-də verilsə də (həmin tarixə II rübün məlumatları artıq açıqlanmışdı), Agentliyin məlumatları 2020-ci ilin I rübünə olan dövrü əhatə edir. Bu dövrdə strateji ehtiyatlarımız 47,7 milyard USD-ə kimi azalmışdı. Ancaq II rübdə dünya bazarlarında neftin bahalaşması fonunda Fondun vəsaitləri yenidən artaraq 2019-cu ilin sonuna olan mövqeyini bərpa edib. Belə bir halda Agentliyin bədbin proqnozu ilin ikinci yarısının daha ağır keçəcəyindən xəbər verir. Çünki xarici ehtiyatlarımızın 38,3 milyard USD-yə düşməsi üçün Neft Fondunu aktivləri 32 milyard USD-yə qədər azalmalıdır. Yəni Fond 6 ay ərzində 11 milyard USD (18,7 milyard AZN) itirməlidir. Bu isə real görünmür. Hərçənd ki, Neft Fondu I rübdə 2 milyard USD itirib.

Bu barədə iqtisadçı-ekspert Samir Əliyev şərh verib.

Fərq edək ki, vəsaitin bir hissəsini, məsələn, 2-3 milyard USD, Mərkəzi Bank öz üzərinə götürdü. İstənilən halda Neft Fondu ən azı 8 milyard USD (13,6 milyard AZN) xərcləməli olacaq. Agentliyin bu rəqəmləri havadan götürdüyünü də demək olmaz. Çünki Agentlik hökumətlə sıx işləyir və mətbəx məlumatlarına çıxışı bizdən daha yaxşıdır.

Bəs, Agentlik nəyə əsaslanıb bu proqnozda?

Əlbəttə əsas səbəb hökumətin devalvasiyaya getməməsi niyyətindən qaynaqlanır. Onsuz da 2015-ci ildə Mərkəzi Bank 11 milyard USD xərcləmişdi və sonda 2 dəfə kəskin devalvasiyaya getməli olmuşdu. Burda pandemiyanın II və III dalğası riskinin yüksək olması və neftin yenidən ucuzlaşması təhlükəsi (Agentlik 2020-ci ildə orta qiyməti 35 dollar proqnozlaşdırıb) amili də var. Ancaq hökumət I rübdə 2 milyard USD vəsaitlə problemi həll edə bildi, II rübdə isə müxtəlif inzibati yollarla və neftin nisbətən bahalaşması hesabına qənaət edə bildi. Hökumətin dövlət büdcəsinə dəyişiklik etməsi planı yenidən gündəmə gəlib. Burda əsas donor güman ki, Neft Fondunun transferti olacaq. Həmçinin xarici kreditlər hesabına bağlanacaq büdcə kəsiri hesabına da xərclər artırıla bilər. Böyük ehtimalla Agentlik bu amilləri nəzərə alaraq ehtiyatlarımızı “azaltmağa” qərar verib.

Hər bir halda ilin ikinci yarısı iqtisadiyyatımız üçün çətin keçəcək. Həm hökumətin xərcləri artacaq, həm də iqtisadiyyatdan topladığı gəlirləri azalacaq. Xərcləri qarşılamaq üçünsə kənardan (Neft Fondu və ya borclanma) vəsait cəlb etməyə məcbur olacaq. Pandemiya problemi həllini tapmasa (ən azı əhəmiyyətli dərəcədə) ehtiyatlarımızın azalması qaçılmazdır.

Son xəbərlər
Digər xəbərlər