14 C
Baku
Saturday, October 18, 2025

“Fiziki bitkoin”: Uoll-Stritin veteranı onilliyin sonunda qızılın $10 000-a çatacağını proqnozlaşdırıb

“Yardeni Research” şirkətinin rəhbəri, tanınmış iqtisadçı və “Uoll-Stritin veteranı” adlandırılan Ed Yardeninin fikrincə, bu onilliyin sonuna qədər qızılın qiyməti 10 000 dollara qədər yüksələcək. Mütəxəssisə görə, qızıl kriptovalyutalardan daha etibarlı müdafiə alətinə çevrilib.

“Bitkoini “rəqəmsal qızıl” adlandırırlar, amma biz qızılı “fiziki bitkoin” kimi təsvir edərdik”, – deyə Yardeni bildirib. Onun sözlərinə görə, risklərdən qorunmaq istəyən investorlar başa düşürlər ki, qızıl geosiyasi gərginlik dövrlərində kapitalın daha etibarlı müdafiəsidir. Qızıl insan sivilizasiyasının başlanğıcından mövcuddur, kriptovalyutalar isə nisbətən gəncdir və əsasən risk artımı dövrlərində spekulyativ alət kimi istifadə olunur.

Yardeninin 2025-ci il üçün qızıl üzrə hədəf qiyməti bir unsiya üçün 4000 dollar səviyyəsindədir. O gözləyir ki, 2025-ci ildə qiymət 5000 dollara, “onilliyin sonuna və ya daha əvvəl” isə 10 000 dollara qədər qalxacaq. Artıq 16 oktyabrda qızılın qiyməti pik həddə — 4247,58 dollara çatıb.

2025-ci ildə həm qızıl, həm də bitkoin güclü artım nümayiş etdirib, lakin qiymətli metal açıq şəkildə liderlik edir: ilin əvvəlindən qızılın qiyməti 60%, bitkoinin qiyməti isə 20% yüksəlib. Bitkoinin artım tempi ABŞ-nin “Nasdaq Composite” indeksinin dinamikasına bənzəyir, hansı ki, əsasən süni intellekt sahəsində fəaliyyət göstərən nəhəng texnoloji şirkətləri birləşdirir. Son bir ayda qızılın qiyməti 13% artıb, bitkoin isə 3% ucuzlaşıb.

Yardeniyə görə, bitkoinin son enişi likvidlik problemləri ilə bağlıdır: bazardan 19 milyard dollar həcmində vəsait çıxarılıb, bu isə fyuçers və kredit mövqelərinin bağlanmasına gətirib çıxarıb. Bəzi platformalar risklərin idarə edilməsi üçün avtomatik “leverage reduction” mexanizmini işə salıblar və nəticədə hətta gəlirli və ya hedc olunmuş mövqelər də bağlanıb. O qeyd edib ki, qiymətlərin kəskin enişi zamanı bazar formalaşdırıcıları və iri oyunçular fəaliyyətlərini azaldıblar, bu da spredlərin genişlənməsinə səbəb olub.

Hazırda bazarları narahat edən əsas mövzular ABŞ və Çin arasında ticarət müharibəsi təhlükəsi, eləcə də ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini azaltmaq gözləntiləridir. Faiz dərəcələrinin azalması qızılı investorlar üçün daha cəlbedici edir, çünki bu metal özü faiz gəliri gətirmir.

Son xəbərlər
Digər xəbərlər