Bu gündən Birləşmiş Ərəb Əmirliklərinin “FlyDubai” şirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək. Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:
– ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;
– turizm vizası olan sərnişinlər;
– BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər.
Dubaydan Bakıya reyslərə aviabiletləri isə yalnız Azərbaycan vətəndaşları əldə edə bilər.
Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriya siyahısı genişləndirilib. Həmin siyahı aşağıdakı kimidir:
– Referans laboratoriyası;
– Leyla klinikası;
– Memorial klinikası;
– Bona Dea xəstəxanası;
– İnci laboratoriyası;
– Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
– Kaspian Hospital;
– UltraLab.
BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda müayinədən keçmək olar.