14 C
Baku
Thursday, November 6, 2025

Fon der Leyen Serbiyanın Avropa İttifaqına üzv olması üçün şərti açıqladı

Avropa İttifaqına üzv olmaq üçün Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Serbiya prezidenti Aleksandar Vuçiç ilə birgə çıxışı zamanı bildirib.

Fon der Lyayen qeyd edib ki, Aİ-yə üzvlük prosesi uzun çəkə bilər və müxtəlif islahatların həyata keçirilməsini tələb edir. Onun sözlərinə görə, mühüm məqam xarici siyasət sahəsində daha çox uyğunluğun təmin olunmasıdır, o cümlədən Rusiyaya qarşı sanksiyalar məsələsində.

Eyni zamanda Aİ rəhbəri vurğulayıb ki, Serbiya artıq Avropa İttifaqının xarici siyasət xəttinə 61% uyğunluq əldə edib, lakin onun fikrincə, “daha çox iş görülməlidir”.

Öz növbəsində Vuçiç bildirib ki, Aİ-yə üzvlük Serbiya üçün strateji seçim və xarici siyasətin prioritetidir.

Serbiya 2012-ci ildən Aİ-yə üzv olmaq üçün namizəd ölkədir. 2023-cü ilin iyununda Vuçiç demişdi ki, Serbiya onun rəhbərliyi dövründə “Avropa yolunda” qalacaq. Bununla belə, o etiraf etmişdi ki, Serbiya yaxın zamanda Aİ-yə daxil olmayacaq, çünki “hazırda ölkəni orada görmək istəmirlər”.

2 sentyabrda Vuçiç bəyan edib ki, Serbiya həm Rusiya, həm də Avropa ölkələri ilə münasibətlərdə neytrallığını qoruyacaq. O xatırladıb ki, Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyən yeganə Avropa ölkəsidir.

Son xəbərlər
Digər xəbərlər