Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcəsində hərbi xərclər 200 milyard avronu ötəcək. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ankarada NATO sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.
Fon der Leyenin sözlərinə görə, Aİ-nin yeni çoxillik büdcəsində hərbi imkanların inkişafı üçün 131 milyard avro, hərbi mobillik – yəni Avropa üzrə hərbi yüklərin və ağır texnikanın daşınması üçün yolların, körpülərin və tunellərin modernləşdirilməsi məqsədilə isə 71 milyard avro ayrılacaq.
O, həmçinin Aİ ölkələrinin hərbi xərclərinin dəstəklənməsi üçün nəzərdə tutulan proqramları xatırladaraq bildirib ki, bu təşəbbüslər 2030-cu ilədək bütün Avropa İttifaqı üzrə müdafiə ehtiyacları üçün 950 milyard avroya qədər vəsait cəlb edə bilər.
2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə Aİ tarixində hərbi xərclərin bu qədər yüksək paya malik olduğu ilk büdcə olacaq.







