16 C
Baku
Wednesday, November 5, 2025

Fond bazarları süni intellekt bazarındakı “balon” qorxusu səbəbindən düşür

ABŞ və Asiya fond indeksləri süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin dəyərinin həddindən artıq şişirdilmiş ola biləcəyindən və bu “balonun” yaxın zamanda partlaya biləcəyindən narahat olan investorlar səbəbindən düşür.

Fond bazarındakı enişə “Morgan Stanley” və “Goldman Sachs” tərəfindən yayımlanan xəbərdarlıqlar səbəb olub. Belə ki, yüksək texnologiyalı NASDAQ indeksi gün ərzində 486 bənd (–2,04%) azalıb, S&P 500 isə 80,4 bənd (–1,17%) itirib. Hər iki indeks üçün bu, 10 oktyabrdan bəri ən böyük eniş olub.

Uoll-Stritdəki bu azalma Asiya bazarlarına da təsir edib. Yaponiyanın Nikkei indeksi ticarət sessiyasının fasiləsinə qədər 4%-dən çox, Cənubi Koreyanın Kospi indeksi isə 4,6% dəyər itirib. Daha sonra hər iki indeks müəyyən qədər bərpa olunsa da, hazırda onların qiymətləri çərşənbə axşamı gününün bağlanış səviyyəsindən müvafiq olaraq 2,5% və 2,85% aşağıdır. Honq-Konqun Hang Seng Tech indeksi ticarət zamanı 2,9%, Çinin Shanghai Composite indeksi isə 1,35% azalıb.

Keçən ay “JPMorgan Chase” şirkətinin rəhbəri Ceymi Daymon da süni intellekt sektoru ilə bağlı fond bazarında “balon” ehtimalı barədə xəbərdarlıq etmişdi. Həmin vaxt bir çox iqtisadi nəşrlərdə Sİ bazarının artıq “qızdığı” barədə fikirlər səsləndirilmiş, bəzi analitiklər hazırkı vəziyyəti 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərindəki “texnoloji balon” dövrü ilə müqayisə etmişdilər.

Son xəbərlər
Digər xəbərlər