Amerikanın “Forbes” jurnalı ABŞ-ın ən zəngin 400 adamının reytinqini dərc edib. Keçən il olduğu kimi, reytinqə “Tesla” və “SpaceX”in qurucusu İlon Mask başçılıq edir, onun sərvəti 251 milyard dollar dəyərində qiymətləndirilir.
Ən varlı amerikalılar reytinqində ikinci yeri “Amazon”un qurucusu Ceff Bezos tutur, onun sərvəti 161 milyard dollar olaraq qiymətləndirilir. Üçüncü yerdə 158 milyard dollarla proqram təminatı tərtibatçısı “Oracle” şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Larri Ellison qərarlaşıb.
“Forbes”in hesablamalarına görə, reytinqdə ilk iyirmiliyin ümumi sərvəti təxminən 1.9 trilyon dollar təşkil edib ki, bu da əvvəlkindən daha çoxdur. İl ərzində ilk 20 iştirakçı ümumilikdə 310 milyard dollar zənginləşib. Ümumilikdə reytinqdə yer alan 400 iştirakçı kapitalını 500 milyard dollar artırıb.
Nəşrdə bütün növ aktivlər nəzərə alınıb: dövlət və özəl şirkətlərdəki səhmlər, daşınmaz əmlak, sənət əsərləri, yaxtalar, təyyarələr, avtomobillər, üzüm bağları, zinət əşyaları və s. Bundan əlavə, ABŞ-ın “Forbes” jurnalı milyarderlərin öz kapitallarını (və ya məsələn, miras qalmış aktivlərini) nə dərəcədə müstəqil şəkildə əldə etdiklərini və xeyriyyəçilik fəaliyyətlərinin miqyasını qiymətləndirib.