15 C
Baku
Wednesday, April 2, 2025

“Forbes”: Dünyanın ən zəngin milyarderləri reytinqində lider dəyişib

Amerikanın “Forbes” jurnalının yaydığı məlumata görə, dünyanın ən zəngin milyarderləri siyahısında lider dəyişib. Bildirilir ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask 342 milyard dollar sərvətlə birinci yeri tutub. Ötən illə müqayisədə iş adamının sərvəti 147 milyard dollar artıb. Xatırladaq ki, sonuncu dəfə Mask reytinqə 2022-ci ildə başçılıq edib.

Siyahıda ikinci yeri sərvəti 216 milyard dollar dəyərində qiymətləndirilən “Meta”nın rəhbəri Mark Zukerberq tutub. Onun sərvəti ötən ilki göstəricilərlə müqayisədə 39 milyard dollar artıb. İlk üçlüyü, keçən il olduğu kimi, “Amazon”un qurucusu Ceff Bezos tamamlayır. Milyarder ötən ilki nəticəni 21 milyard dollar yaxşılaşdırıb.

Reytinqdə dördüncü yeri 192 milyard dollarlıq sərvətlə proqram təminatı və server aparat tərtibatçısı “Oracle”ın yaradıcısı Larri Ellison tutub.

Beşinci yerdə “Louis Vuitton”, “Fendi”, “Givenchy”, “Christian Dior” və onlarla digər premium brendlərin sahibi Bernar Arno və ailəsi qərarlaşıb. “Forbes” onların sərvətini 178 milyard dollar olaraq qiymətləndirir.

Dünyanın ən zəngin adamları sıralamasına həmçinin “Berkshire Hathaway”in sahibi Uorren Baffet (154 milyard dollar), “Google”un təsisçilərindən biri Larri Peyc (144 milyard dollar), onun tərəfdaşı Sergey Brin (138 milyard dollar), həmçinin “Inditex” şirkətlər qrupunun sahibi Amansio Orteqa (124 milyard dollar) daxil olub.

Ümumilikdə, 2025-ci ildə reytinqdə 3028 milyarder yer alıb. Onların ümumi sərvəti 16 trilyon dollardır. Siyahıda 1422 nəfər reytinqdə yuxarı qalxıb, 698 nəfər isə mövqeyini itirib.

Son xəbərlər
Digər xəbərlər