“Ford Motor” avtomobil şirkəti əyləc sistemində yaranan problemə görə ABŞ-da 1 milyon 280 min 726 avtomobilini geri çağıracaq.
Bu, 2013-2018-ci illərdə istehsal olunmuş “Ford Fusion” və “Lincoln MTZ” model avtomobillərini əhatə edəcək.
Bildirilib ki, əvvəllər geri çağırılan 2015-2018-ci illərdə istehsal olunmuş “Ford Edge” və 2016-cı ildə buraxılan “Lincoln MKX” modellərində aşkar olunan problem SUV-lərin əyləc xarakteristikalarına mane olurdu və eyni problem qeyd olunan sedanlara da təsir edə bilər. Bununla bağlı hazırda şirkət tədbir görməyə başlayıb.
Bu problem “Fusion” və “MKZ” hibridlərinə təsir etməyib. Şirkətin araşdırmalarına görə, yararsız şlanq 3 fevral 2012-ci il və 19 iyul 2017-ci il tarixləri arasında istehsal zamanı istifadə edilib. Bundan sonra istehsal prosesinə daxil edilən yeni material əyləc şlanqının daha uzun müddət istifadə olunacağını göstərir, “Ford” bildirir.
Qeyd olunub ki, aprelin 17-dən etibarən “Ford” avtomobil sahibləri ilə əlaqə saxlamağa başlayacaq. Sahiblərdən avtomobillərini ən yaxın dilerə qaytarmaları xahiş olunacaq, orada əyləc şlanqı pulsuz olaraq dəyişdiriləcək. Artıq bu təmir işlərini öz hesabına görmüş sürücülər xərclədiyi vəsaiti geri qaytarmaq imkanı əldə edəcəklər.