“Ford” şirkəti avtomobil kreditlərinin ödənilməməsi ilə mübarizəni təmin edən bir neçə texnologiyanı patentləşdirib. Metodlar arasında maşında GPS və ya kondisioner kimi funksiyaların bloklanması və ya hər dəfə avtomobili açanda xoşagəlməz səsin işə düşməsi var.
İdeyalardan biri kredit ödənişi gecikdirildiyi təqdirdə avtomobili avtomatik olaraq şirkətin dayanacağına və ya poliqona apara bilən avtopilotun yaradılmasını nəzərdə tutur.
Daha bir variant avtomobilin bütövlükdə bloklanmasıdır. Bu zaman avtomobil sahibi kredit üzrə ödənişi etməyənə qədər nəqliyyat vasitəsindən istifadə edə bilməyəcək.
“Ford” 2021-ci ildə ABŞ Patent İdarəsinə müraciət edib və bu il təsdiq cavabını alıb. Mütəxəssislər qeyd edirlər ki, patentin verilməsi belə texnologiyaların real həyata keçirilməsi demək deyil. Bundan əlavə, belə bir avtopilotdan istifadə etmək üçün ilk növbədə qabaqcıl avtonom idarəetmə sistemləri meydana çıxmalıdır, hansı ki tənzimləyicilər tərəfindən təsdiqlənməlidir.