The Wall Street Journal-ın verdiyi məlumata görə, Ford Motor Co. şirkətinin baş icraçı direktoru Alan Mulalli Microsoft şirkətinə rəhbərlik etmək üçün öz şirkətini tərk etmək niyyətində deyil.
Son bir neçə ay ərzində Alan Mulalli Microsoft-a rəhbərlik edə biləcək namizədlər sırasında liderlərdən biri idi. Qeyd edək ki, Microsoft şirkətinin keçmiş CEO-su Stiv Balmer keçən ilin avqust ayında tutduğu vəzifədən imtina etdiyini elan etmişdi.
Bloomberg agentliyinin verdiyi məlumata görə, Alan Mulalli Associated Press-ə verdiyi müsahibəsində bildirmişdir ki, Ford şirkətində qalmaq və Microsoft-a keçməmək niyyətindədir.
İndi, siyahıdan ən qərarlı namizəd çıxarıldığı vaxt Microsoft şirkəti yenidən axtarışlara davam edəcək. Şirkət artıq 4 aydır ki, bu axtarışları davam etdirsə də, hələ də yeni rəhbəri tapa bilməyib.
İlkin olaraq Microsoft şirkəti prosesin 2013-cü ildə başa çatacağını bildirmişdi, lakin hazırda şirkətin direktoru Con Tompson bu prosesin 2014-cü ilin əvvəlinə qədər uzanacağını bəyan etdi.
Qeyd edək ki, digər namizədlər arasında Nokia Corp. şirkətindən Stiven Elop, Oracle Corp.-un prezidenti Mark Hard, Pivotal Software Inc. şirkətinin baş icraçı direktoru Pol Moriç, həmçinin Microsoft şirkətinin özünün menecerləri olan Satya Nadela və Toni Beyts də var.