ABŞ avtomobil istehsalçısı “Ford Motor Company” elektromobil proqramı üzrə böyük silinmələr səbəbilə şirkət tarixində ən böyük rüblük xalis zərəri açıqlayıb. 2025-ci ilin oktyabr–dekabr aylarında bu göstərici 11,1 milyard dollar təşkil edib, bu barədə “Agence France-Presse” yazır.
Şirkət dekabrda bildirmişdi ki, elektromobil bölməsi üzrə silinmələr təxminən 19,5 milyard dollar olacaq. ABŞ prezidenti Donald Tramp administrasiyasının tarif siyasətində etdiyi dəyişikliklər səbəbindən “Ford” əlavə 900 milyon dollar zərər görüb. Şirkətin rüblük gəliri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 45,9 milyard dollara düşüb.
2025-ci ilin yekunlarına görə avtomobil istehsalçısının xalis zərəri 8,2 milyard dollar təşkil edib. Halbuki 2024-cü ildə şirkət 5,9 milyard dollar mənfəət əldə etmişdi. Eyni zamanda illik gəlir 1% artaraq 187,3 milyard dollara çatıb.
Şirkətin maliyyə direktoru “Sherry House” bildirib ki, satış həcmlərinə ötən ilin oktyabr və noyabr aylarında Nyu-York ştatındakı “Novelis Oswego” alüminium zavodunda baş verən iki yanğın da mənfi təsir göstərib. Bu hadisələr səbəbindən şirkətin itkiləri 2 milyard dollar olub.
Dekabr ayında “Ford” elektromobil biznesi üzrə gözlənilən 19,5 milyard dollarlıq zərər fonunda F-150 pikapının elektrik versiyasının istehsalından imtina edib. Bundan əlavə, şirkət elektrik yük maşını və elektrik kommersiya furqonlarının istehsalını da dayandırmağı planlaşdırırdı. 2025-ci ilin sonuna qədər bəzi elektromobil modellərinə zəif tələbat səbəbindən avtomobil istehsalçısının ümumi itkiləri 13 milyard dollara çatıb.






