10 C
Baku
Sunday, December 22, 2024

Foreksdə texniki analiz nədir?

Müəllif: Müstəqil treyder Rüfət Axundov

Texniki analiz sadəcə indikatorlara baxmaq deyil. Texniki analiz sadəcə 2+2 də deyil. Texniki analiz bazarın vəziyyətini oxuya bilmək, psixoloji dəyişiklikləri vaxtında müşahidə edə bilmək və bu kimi qızıl xüsusiyyətlərdən ibarətdir. Bu statusda siz 3 şəkil görürsünüz. Soldan birinci şəkil Assurant Inc şirkətinin daily qrafikidir. Sağda olan şəkil S&P 500 indeksinin maliyyə sektorunu göstərir.

Aşağıda yerləşdirilən şəkil isə bu ikisinin qiymət müqayisəsidir. Əvvəla onu deyim ki Assurant Inc, sığorta sahəsinə yaxın olan maliyyə şirkətidir. Məhz bu səbəbdən nəzər saldığımız indeks sektoru da maliyyə sektoru seçilib. Steve Nison iddia edir ki, bir sıra araşdırmaların nəticələrinə görə, hər hansı bir səhmin taleyi, 60% o səhmin yer aldığı sektordan asılıdır. Sektorların nə olduğunu dərindən izah etməyə ehtiyac yoxdur məncə.

Sadəcə onu deyim ki, GICS əsasən (GICS – beynəlxalq sənaye təsnifatı standartı), hər hansı bir iqtisadiyyatı 10 sektora, 24 sənaye qrupuna və 68 sənaye növünə bölmək olar. Bu fikirdən davam edərək, əvvəla Assurant şirkətinin səhminə nəzər salaq. İlk növbədə onu qeyd edim ki, bu səhmdə “bearish engulfing” adlanan şam formalaşması əmələ gəlməkdədir. Bu şam formalaşması qiymət üçün mənfi xarakter daşıyır, yəni, potensial enişin başlayacağına olan bir işarədir. Bundan əlavə, biz bilirik ki, hər hansı bir satış və ya alış siqnalını aşkarlamaq kifayət etmir.

Biz eyni zamanda, planlaşdırdığımız əməliyyatın risk və potensial qazanc nisbətini de araşdırmalıyıq. Təbii ki hədəflər müxtəlif üsullarla alına bilər, amma geniş yayılmış üsullardan biri də ən son maksimum və minimumlara nəzər salmaqdan ibarətdir. Bu qrafikdə biz ən son minimuma nəzər salsaq, görə bilərik ki, bearish engulfing şamının təklif etdiyi risk/qazanc nisbəti pis deyil (qrafikdə hədəf ərazisi “dəstək” olaraq işarələnib). Bütün bunlara əlavə olaraq, “volume” göstəricisi də çox yüksək səviyyədədir (volume bu şəkillərdə göstərilməyib).

Bütün bunlar Assurant şirkətində satış üçün planlaşdırdığım əməliyyatın müsbət tərəfləri idi. Bəs mənfi tərəfləri hansılardır?

Mənfi vəziyyətləri görmək üçün sağ tərəfdə yerləşdirilən S&P 500 Maliyyə sektoruna baxmaq kifayət edir. Əvvəla bu indeksdə heç bir donuş (satış) siqnalı əmələ gəlməyib. İkinci bir səbəb isə son şamdan öncə “gap” adlanan formalaşma əmələ gəlib. Yaponlar gap-a, “pəncərə” deyirlər.

Pəncərələr həm dəstək, həm də müqavimət rolunu oynaya bilərlər. Steve pəncərə siqnallarını ən güclü siqnallardan biri adlandırır. Hesab edirəm ki, bu faktı elə bu qrafikdən görmək olar. Qrafikin ortasında çəkilmiş qoşa xəttə fikir verin. O xətt, pəncərənin tam başlanğıcından işarələnib (“gap”, mart 2013). Bu pəncərə isə bir neçə həftə sonra, nə az nə çox, düz 2 dəfə dəstək rolunu oynayıb (“gap” dəstək rolunda). İndi daha bir pəncərə ilə üzləşmişik (“gap”, may 2013).

Qiymət bu son pəncərənin altında bağlanmayana qədər, mən heç bir halda bu indeks barəsində mənfi fikirdə ola bilmərəm. Bu isə mənə onu deyir ki, mənim satışa hazır səhmim və eyni zamanda satışdan uzaq görünən indeksim var. Nəzərə alsaq ki, sektorlar səhmlərə güclü təsir etmək iqtidarındadır, o zaman mən bu gün Assurant Inc şirkətində satış əməliyyatı verməkdən imtina edirəm. Bu o demək deyil ki, Assurantin səhmləri enməyəcək və ya enə bilməz. Bu sadəcə o deməkdir ki, mən hər hansı bir əməliyyatı verəndə, ehtimalın mənim tərəfimdə olmasına üstünlük verirəm.

Aşağıda yerləşdirilən üçüncü şəkildə siz maliyyə sektorunun və Assurant səhmlərinin müqayisəsini görə bilərsiniz. Qırmızı rəng Assurantı göstərir. Oxşarlıq həqiqətən də az deyil, Steve demişkən.

Son xəbərlər
Digər xəbərlər