13 C
Baku
Friday, November 22, 2024

Forex həqiqətdir, yoxsa mif?

Müəllif: Lətif Baxışov , müstəqil treyder-analitik

Forexin yaranma tarixi barədə məlumatlara bir çox mənbələrdə rast gəlmək olar. Odur ki, bu haqda geniş məlumat verməyə ehtiyac yoxdur. “Forex” dövlətlər və banklar arasında rahat pul dəyişməsi məqsədi ilə yaradılıb. İlk əvvəllər bu pul dəyişmələrini yalnız ölkələrin maliyyə qurumları və bankları öz aralarında həyata keçirirdilər. Daha sonralar bu xidmətdən gəlir mənbəyi kimi istifadə edən maliyyəçilər  ABŞ-da forexlə məşğul olmaq üçün kiçik kantorlar yaratmağa başladılar. Bu xırda kantorlar daha çox sadə əhalini bu işə cəlb edərək onlara 1:100 marja ilə forexlə məşğul olma imkanı yaradırdı. Bütün əməliyyatlar kağız üzərində rəsmiləşdirilərək icra olunurdu. Daha sonralar internetin meydana gəlməsi bu biznesin sadə insanlar arasına inteqrasiyasına daha da stimul yaratdı.

Əslində isə forexin əsl mahiyyəti nədir. Bunun üçün qisa bir nümunə gətirək.  Hesab edək ki, Yaponiya mərkəzi bankı ölkənin pul vahidi olan Yenanı 1 milyard ABŞ dolları ilə əvəz etmək istəyir, bu halda faktiki Yena-USD məzənnəsinə müvafiq olaraq Yaponiya ABŞ-a Yenanı satıb əvəzinə dollar alır. Təbii ki, 1 milyard dollar təyyarəyə yüklənib Yaponiyaya gətirilmir. Çünki bu pul dəyişmələri gün ərzində bir neçə dəfə təkrarlana bilər. Bir neçə saat sonra İngiltərə Yapon Yenası almaq istəyəndə bunu bir başa ABŞ-dan geri ala bilər və qarşılığında faktiki məzənnəyə uyğun olaraq, Frank, Avro, Funt sterlinqlə əvəz edə bilər.

Təbii ki, bu bizim düşündüyümüz kimi sadəcə sat və ya al komandası ilə dərhal həyata keçmir. Ümumiyyətlə Yaponiyanın 1 milyard yenanı satması üçün əvvəlcə buna müştəri tapılmalıdır. Yəni heç bir ölkə və ya bank bu valyutanı almaq istəməzsə o halda Yenaya tələbat olmadığından Yaponiya bankları satışı müştəri tapılıncaya qədər təxirə salır. Ancaq bizim bildiyimiz, forex şirkətlər tərəfindən təqdim olunan platformalarda alış və satış əməliyyatlarında heç bir əngəl yaşanılmır. Bu nə ilə əlaqədardır? Əvvəla bizim, ümumilikdə forex ticarəti ilə məşğul olan treyderlərin icra etdiyi əməliyyatlar ölkələr, banklar, iri sərmayədarlar arasında olan pul dövriyyəsindən dəfələrcə kiçikdir. İkinci bir səbəb isə forex şirkətlərində aparılan kiçik həcmli pul mübadilələri açıq valyuta bazarına çıxarılmır. O üzdən bu daxili “bazar”larda valyutalara olan “tələb və təklif” amili xüsusi bir rol oynamır. Mən bir növ bu cür forex şirkətlərini sığorta şirkətlərinə bənzədirəm. Bu biznesin statistika və ehtimallar üzərində qurulmasıdır. Bu şirkətlərdə təlabat yalnız ABŞ dollarına olur. Yəni hesablar USD ilə açılır, məxariclər də həmçinin USD ilə ödənilir. Daxili bazarda tarazılıq yalnız şirkətin öz kapitalı hesabına tənzimlənir. Yəni, müştəri istədiyi vaxt istədiyi qədər Yena, Frank, Funt sterlinq hətta Yeni Zenlandiya dolları ala bilər. Bunun üçün alacağı valyutanın nə zaman satışa çıxarılacağını gözləməyə ehtiyac yoxdur. Bir kliklə istənilən həcmdə ticarət etmə imkanı – bu çox asan görsənir. Bəli bunun bu qədər asanlaşdırılmasında məqsəd yəqin ki, sadə insanların qayğısına qalmaq kimi başa düşmək sadəlövhlükdən başqa bir şey deyildir.

Forex bazarı həqiqətdə bir bazar kimi vardır. Hətta bu bazarda gündəlik dövr edən pulların həcmi hal-hazırda 5 trilyon dollardan çoxdur. Bəs nə üçün bu bazarın varlığına, şəffaflığına bir çox insanlar inanmır? Bu inamsızlığın ən başlıca səbəblərindən biri şişirdilmiş reklamlardır. Heç bir maliyyə təhsili, valyuta ticarətindən anlayışı olmayan sıravi insanlar arasında aparılan reklam kompaniyaları, onların qısa müddətdə heç bir çətinlik çəkmədən böyük pullar qazanacağına istinad edən təkliflər insanları bu işlə məşğul olmağa sövq edir.

Nəticədə, bu şirkətlərdə iki həftəlik (bəzən isə üç günluk) seminardan keçərək “Maliyyə Bazarında Treyder” sertfikatı ilə təltif olunan insanların ilk işi bu şirkətlərdə forex hesabı açmaq üçün pul axtarmaq olur. Kiçik bir hesab açılır və ilk alqı-satqı əməliyyatları icra olunur. Başlanğıcda adətən əməliyyatlar uğurlu sonluqla nəticələnir. Bu uğur adamı daha da həvəsləndirir. Forex şirkətin təqdim etdiyi böyük kredit çiyni ona imkan verir ki, növbəti əməliyyatlarda ticarətin həcmini daha da böyütsün. Ticarət həcmi böyüdükcə buna paralel olaraq risk həcmi də böyüyür. Növbəti uğursuz bir əməliyyatda depozitin bir qismi itirilir.

Daha sonra itirilən pulun qisasını almaq üçün növbəti riskli əməliyyatlar açılır. Forexlə ilk dəfə ticarətə başlayan insanların 98% -ində aqibət eynidir. Yəni, depozitini son qəpiyə kimi itirib oyundan kənarda qalırlar. İlk baxışda sadəcə iki punktdan – “Al” və “Sat” düymələrindən ibarət sadə və olduqca gəlirli bir biznes olduğunu düşünən insanlar illər sonra maliyyə bazarının yüzlərcə qaydadan ibarət olduğunu anlayanda artıq kifayət qədər gecikmiş olurlar. Çünki bu illər ərzində təhsillənmək əvəzinə itirilən pulları geri qaytarmaqdan ötrü can ataraq hər cəhdin sonunda uğursuzluqla qarşılaşmışlar. Bu uğursuzluqlardan təkcə onların özlərinə yox, həmçinin ailələrinə yaxın insanlara da pay düşür. Bununla da onların ətrafındakı insanlarda forexə qarşı mənfi fikirlər yaranır. Valyuta bazarında qısa müddətdə, o cümlədən kiçik depozitlərlə varlanmaq qeyri-mümkündür. Əslində mif məhz bu “qısa zamanda milyonçu olmaq” düşüncəsindədir. Bu şişirdilmiş fikirləri, ideyaları təbliğ edən reklam stendləri, həvəsləndirmələr üçün depozitlərə verilən bonuslar, pulsuz seminarlar, yarışmalar, mükafatlar sadəcə müştəri toplamaq üçün marketinq gedişləridir.

Həvəsləndirici reklama çəkilən bu xərcləri əvvəl axır siz öz itkilərinizlə yenidən onlara qaytaracaqsınız.

Sual olunur ki, bəs forexdə necə pul qazanmaq olar?  Maliyyə sahəsində peşəkarlığa gedən yol, digər elm tələb edən peşələrdəki kimi təhsildən keçir. Peşəkar treyder olmaq üçün uzun bir dövrə ehtiyac var. Təhsillə paralel bazarda daima demo hesablarda təcrübə məqsədi ilə ticarət aparmaq lazımdır. Ən əsas prinsip isə dəqiq qaydaların olması və riskli əməliyyatlardan qəti şəkildə yayınmaqdır. Riskli əməliyyatlar dedikdə, bu depozitin nisbətində iri həcmdə açılan əməliyyatlar nəzərdə tutulur. Bəzən əməliyyat açılan zaman insanın özünə hədsiz əminliyi onu daha böyük həcmdə order açmağa və daha çox qazanmağa səsləyir. Bu isə səhv addımdır. Bazarda dəqiqliklə işləyən bir sistem yoxdur. Sadəcə yaradılan işlək strategiyaların statistik uğur göstəriciləri vardır.

İlk addım dediyimiz kimi, təhsil, demo hesablarda təcrübə, özünəməxsus ticarət strategiyasının qurulmasından ibarətdir. Demo hesablarda davamlı olaraq minumum 6 ay sabit qazancla ayı yekunlaşdırırsınızsa bu uğurlu yola istiqamətləndiyinizdən xəbər verir. Daha sonra etibarlı brokerlərin birində 1:10 kredit çiyni ilə çox da böyük olmayan bir real hesab aça bilərsiniz. Qeyd edim ki, kredit çiynin kiçikliyi ticarətçini böyük risklərdən yayındırır. Məqsəd stabil qazanc əldə etməkdir. Gəlirlik faizindən aslı olmayaraq davamlı qazanc olmalıdır, hər ayı qazancla başa vurmaq isə əsas şərtdir.

Aşağıda verilmiş 1-ci şəkildə forexi asan milyonlar qazanmaq vasitəsi  kimi dərk edən treyderin qrafika üzərində nəticəsi verilmişdir. Hisslərə qapılaraq tez bir zamanda qazandığı pulları böyük sürətlə itirir, itkilərin müəyyən hissəsini geri qaytarsa da növbəti aylarda daha da böyük itkilərlə üzləşir. Səbəb bazara baxış tərzinin dəyişməməsi ilə bağlıdır.

Capture11

Şəkil 1

Bu şəkildə (2-ci şəkil) gəlirlilik həcminin kiçik olmasına baxmayaraq,  həmin treyder ötən 6 il ərzində heç bir ayı itki ilə başa vurmamışdır. Səbəb isə uğurlu strategiya ilə yanaşı riskləri düzgün qaydada idarə edilməsinə (Money Manegment)  riayət etməsidir.  Nəticədə öz depozitini 6 il ərzində 3000% artırmaqla yanaşı, bu illər ərzində etibarlı ticarəti sayəsində idarəçiliyə 10 milyonlarla investisiya cəlb etməyi də bacarmışdır.

2

Şəkil 2

Yalan və həqiqətdə olan forexin fərqi hər iki şəkildə  aydın göstərilmişdir. Uğurlu treyder kiçik həcmli kapitalla öz uğurlu ticarəti sayəsində investorların diqqətini cəlb edərək bir neçə ilə milyonçu səviyyəsinə yüksələ bilər. Milyonlar məhz belə qazanıla bilər. O ki, qaldı kiçik sərmayə ilə bir neçə aya böyük pullar qazanmaq ideyası – bu mifdir. Bu mətbəx forex şirkətlərinin qısa zamanda böyük pullar qazanması məqsədi ilə sadə insanlar arasında istifadə etdikləri propaqandadır. Bu təbliğat sayəsində sadə insanları şirnikləndirərək öz şirkətlərində hesab açmağa həvəsləndirirlər.

Ümumiyyətlə müxtəlif ölkələrdə forexə fərqli yanaşmalar, həmçinin həmin dövlətlərin broker xidməti göstərən maliyyə qurumlarına fərqli nəzarət qanunları mövcuddur. Məsəlçün Amerika Birləşmiş Ştatlarında “Milli Fyuçers Asossasiyası” (National Futures Association, NFA) hüquqi və fiziki şəxslərin birjadakı fəaliyyətinə ciddi nəzarət edir, treyder-broker arasındakı konfliktləri tənzimləyir. Qaydaların sərt olması mətbəx brokerləri üçün əlverişsiz olduğundan onların bu ölkədə rəsmi qeydiyyatdan keçməsi hallarına çox az rast gəlmək olar. Adətən belə şirkətlər brokerlik fəaliyyəti məqsədi ilə rəsmi lisenziyanı almaq üçün  maliyyə qurumlarına nəzarətin zəif olduğu ölkələrə (məs. Yeni Zellandiya) müraciət edirlər.         Son illərdə əhalinin forexlə məşğul olma sayına görə birinci yerdə gedən Malayziya (İslam ölkəsi) bu sahəni müsəlmanlar üçün haram sayıldığını elan edərək rəsmi qaydada ölkə vətəndaşlarının forexlə məşğul olmalarına qadağa qoymaq məcburiyyətində qaldı. Buna baxmayaraq, bu ölkənin bankları və maliyyə qurumları maliyyə bazarında iştirakı üçün məhdudiyyət yoxdur. Mətbəx forex şirkətlərinin hədəf aldığı ən geniş forex auditoriyasına İndoneziya, Banqladeş, Hindistan, o cümlədən Cənub Şərqi Asiya və Okeaniya  ölkələrinin yaşayış tərzi qismən zəif olan bölgələrində rast gəlmək olar. Hətta İndoneziyada qeyri-rəsmi məlumata görə hər 5 adamdan biri forexlə məşğul olur. Bu sahənin intellekt baxımından kasad olan bölgələrdə populyarlığı fırıldaqçı maliyyə şirkətlərinin qısa zamanda varlanmaları  üçün çox əlverişlidir. Qərbi Avropa ölkələrində forexlə məşğul olanların əksəriyyəti maliyyə sahəsindən anlayışı olan insanlardır. İngiltərədə forexlə bağlı reklamlara küçələrdə ictimai yerlərdə, ümumiyyətlə maliyyə sahəsinə aid olmayan auditoriyaların cəmləşdiyi yerlərdə rast gəlmək olmur. Bu ölkədə brokerlərin reklamları ancaq maliyyə xəbərlərini yayımlayan KİV-də, Bloomberg Tv kanalında, maliyyə mərkəzlərində, aidiyyəti olan internet saytlarında yerləşdirilir.

Həmçinin bu cür forex şirkətlərinin Azərbaycanda fəaliyyətinin olmasına baxmayaraq, ölkəmizdə vəziyyət o qədər də acınacaqlı deyil. Bunu xalqımızın intellekt baxımından digər ölkələrə nisbətən daha üstün olması ilə əlaqələndirirəm. Bu sahə ilə məşğul olmaq istəyən gənclərə ən başlıca məsləhətim daha da mariflənmək, Treyder sənətinə xobbi kimi yox, bir peşə kimi yanaşmaqdır.

 Məhşur treyder Corc Soros belə bir fikir söyləmişdi: “Hər kəs mənim milyardları necə qazandığımla maraqlanır. Amma heç kim bu milyardları qazanmaq üçün neçə milyard itirməyimlə bağlı sual vermir.” Maliyyə sahəsində adları hallanan məşhur milyonçuların heç biri kiçik kapitalla milyonlara sahib olmayıblar. Forex  maliyyə bazarının  ən qazanclı sahəsi olması ilə yanaşı ən riskli sahəsidir. Odur ki, bu sahədə bir çox treyderlərin səriştəsizliyindən böyük pullar itirilib. Ancaq dissiplindən kənara çıxmamaq şərti ilə bazarda davamlı qalmaq mümkündür. Treyderliklə məşğul olaraq gündəlik yaşam tələbatını qarşılamaq olar. Bunun üçün investisiyaya uyğun olaraq aylıq qazanc normativləri vardır. Məsəlçün, 10 min dollarla təxminən 50 ticarət əməliyyatı aparmaqla ayda stabil 300-500 dollar ( 3-5 %) qazanmaq mümkündür. Bu normativlərdən kənara çıxmaq riskləri artırmaq təhlükəlidir. Risk həcmi qorunursa, qaydalara əməl olunursa onda sən Treyder, məşğul olduğun sənət isə “Maliyyə ticarəti” adlanır. Əməliyyatlarda risk, qaydalardan tez-tez yayınma halları müşahidə olunursa onda sən “Qumarbaz”, məşğul olduğun sahə isə “Kazino” adlanar. Sən bununla razılaşmasan belə… Necə ki, su halal buyrulub, ancaq ifrat içib orqanizmə ziyan verəndə su da halallığını itirər.

Son xəbərlər
Digər xəbərlər

5 ŞƏRH

Comments are closed.