16 C
Baku
Thursday, April 25, 2024

“Four Seasons Hotel Baku”nun yerindəki qədim binanın və “Azneft”in binasının sahibi – bəxt ulduzu birdən parlayan neftxuda

Seyid Mirbabayev- bəxt ulduzu birdən parlayan neftxudalardan biri.

Əvvəllər xanəndə olmuş Seyidin səsi o qədər sevilib ki, Varşavada, Fransada, Latviyada səsini qramofon vallarına yazıb, birə iki, birə üç qiymətə satırdılar. O dövrün varlı insanları Seyidi tez-tez öz məclislərinə çağırıb, çoxlu pul, qiymətli hədiyyələr verərdilər.

Xatırladaq ki, Seyid Mirbabayevin səsi 1906-1910-cu illərdə dünyanın bir çox şirkətləri tərəfindən vallara köçürülüb. Həmin səs yazıları hal-hazırda Respublika Dövlət Səs Yazıları Arxivində Seyidin ifasında “Mahur”, “Küçələrə su səpmişəm”, “Aşiran”, “Əraq”, “Hicaz”, “Simayi-şəms” və sair qrammofon valları keçən əsirdən bu günümüzə çatmış ən qiymətli  səs yazılarındandır.

Bir dəfə Bakı milyonerlərindən biri olan Suraxanı milyonçusu Şıx Əlbəndə oğlu Balayevin yeganə oğlunun toyunda xanəndə kimi çıxış edən Seyid ifa zamanı bəyin dayısından xələt istəyir. Bunu eşidən bəyin dayısı yerindən qışqırır:

“Seyid, ana babamdan mənə miras qalmış “Bala şoranlıq”da qazdırdığım quyunu sənə xələt verirəm. Nə çıxsa sənin bəxtinə, quyu başa çatana qədər xərci mənim boynuma. Cəddinə qurban olum, oxu, təriflə!”

Bir qədər sonra xəbər gəlir ki, “Bala şoranlıq”dakı quyu fontan vurub. Beləliklə, xanəndə Seyid bir anda dönür olur milyonçu Seyid – neftxuda. Lakin bundan sonra o, Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alıb sındırır. Onun fikrinə görə, əsl sənəti olan xanəndəlik onun şan-şöhrətini azaldır, xanəndəliyi indiki milyonçuluğuna əskiklik gətirir. Bunu eşidən Hacı Zeynalabdin Tağıyev deyirdi:

– Əşşi, belə şey olar, bülbülləri geridə qoyan səsi ilə fəxr etmək əvəzinə, xəcalət çəkir? Ağa Musa, vallah, bunun başı xarab olub. Heyf o səsdən. Daha oxumayacağı bəs deyilmiş kimi, hələ Varşavada səsi yazılmış qrammofon vallarını da satışdan yığışdırıb.

Tezliklə Seyid Mirbabayev  neft sahəsində məşhurlaşmağa başlayır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və onun  hasilatına başlayır. Seyidin 70 nəfər işçidən ibarət kontoru 18 buruqdan ildə 150000 barrel neft hasil edirdi.

Seyid Mirbabayev Hacının “…ildə bir neçə min xərcin çıxsa da, padşahlıq qabağında üzün ağ olar, sözün keçər, gələcəkdə artıq müsəlman uşağı göndərə bilərik ora” tövsiyəsi ilə Qori seminariyasının hamiliyini öz boynuna götürür.  Bu xəbər Tiflisdə böyük səs-küyə səbəb olur, qəzetlər Bakı milyonçusundan yazır, səxavətin tərifəyirlər.

Seyid mülk almaq istəyəndə Hacının yanına məsləhətə gedir. Hacının məsləhət gördüyü mülk indiki Azneft meydanında yerləşən binadır. Seyid Mirbabayev 1920-ci ilədək – Azərbaycanda sovet hakimiyyəti qurulanadək “Azneft”in binasına yaşayıb. Qeyd edək ki, binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub və ayın sonlarında tikintisinə başlanılıb. Mənbələrdə göstərilir ki, Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf baxan və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı.

Seyid Mirbabayev həm də 1865-1867-ci illərdə Bakıda tikilmiş “Qubernator evi”nin sahibi idi. O, bu evi Bakı qubernatorlarına kirayə vermişdi. 2006-cı ildə bu bina söküldü. Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, bina tamamilə məhv edilib. Daha sonra bu binanın ərazisində yeni beşulduzlu otel “Four Seasons Hotel Baku” inşa edildi.

Qubernator evi – Ehtimal olunur ki, bina 1865-1867-ci illərdə inşa edilib. Sonra bu binanı milyonçu Seyid Mirbabayev alıb onu Rusiya imperiyasının Bakı quberniyasının qubernatorlarına icarəyə verdi və öz yaşayış yeri olmadı. qubernatorlarına icarəyə verdi və öz yaşayış yeri olmadı.

Keçən əsrdə qanuni hökumət devriləndən sonra başqa milyonçular kimi Seyid Mirbabayev də 1920-ci ildən sonra Fransaya – Parisə mühacirət edir. Ləl-cəvahirat həvəskarı olan Seyid özü ilə gətidiyi bu qiymətli qaş-daşlarla güzaranını keçirirdi. Bir müddət sonra gətirdiyi sərvəti əlindən çıxır, doqquz il sonra elə burada iflas edir. Bu ərəfədə Seyid Hacının ona etdiyi vəsiyyəti xatırlayır: “Səsindən muğayat ol! Bu səs hər bir insana müəssər olmayan Allah vergisidir. Sənə Ulu Tanrı tərəfindən bəxş edilən peyğəmbərimiz Davudun səsidir. Bu səsi heç bir var-dövlətlə ala bilmədiyin kimi, heç bir var-dövlətə də uyub onu əldən vermə!  Onu qorumağa çalış!”

Seyid Parisdə Bakının tanınmış milyonçusu Teymur bəy Aşurbəyov ilə görüşərək onunla birlikdə Tehrana yola düşür. Keçən əsrin 30-cu illərində Parisdən Tehrana gələn Seyid Mirbabayev burada bakılıların çayxanasında xanəndəlik edir və 1953-cü ildə 83 yaşında dünyadan köçür.

Qeyd edək ki, Cahangir Cahangirovun 1978-ci ildə qələmə aldığı “Xanəndənin taleyi” operası Seyid Mirbabayevin həyat və yaradıcılığına həsr olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər