Frank Uilyam Abagnale (27 aprel 1948-ci ildə doğulub) 17 yaşı olduqda artıq ABŞ tarixinin ən uğurlu bank oğrularından biri idi. Bu hadisə 1960-cı illərdə baş vermişdi. Saxta bank çekləri vasitəsilə Abagnale banklardan 5 milyon dollara qədər pul vəsaiti oğurlamağı bacarmışdı. Həmçinin o saxta sənədlər vasitəsilə dünyanın bir çox ölkələrinə təyyarə uçuşları həyata keçirmişdi.
Daha sonra Frank Abagnale Corciada bir xəstəxanada 11 ay ərzində özünü pediatr kimi qələmə vermişdir. Onun sərgüzəştləri bununla bitmir. Belə ki, o Harvard universitetinin diplomunu saxtalaşdıraraq Luiziana ştatının baş müvəkkilinin ofisində işə düzəlmişdi.
5 ildən artıq müddətdə Abagnale 8-ə yaxın “sənət” dəyişmişdir. Bununla yanaşı, o saxta çeklərlə banklardan pul oğurlamaq əyləncəsini də davam etdirirdi. Bu fırıldaqçının əməllərindən 26 ölkənin bankları əziyyət çəkib. Böyük sərgüzəştlərlə əldə etdiyi pulları gənc fırıldaqçı bahalı restoranlarda nahar etməyə, prestijli markalardan geyim almağa və qızlarla əyləncələrə xərcləyirdi. Frank Abagnale-in macəraları əsasında “Bacarırsansa məni tut” bədii filmi çəkilmişdir və filmin baş qəhrəmanı olan “dahi oğrunu” Leonardo di Caprio canlandırmışdır.