16 C
Baku
Friday, April 19, 2024

Fransa artıq mövqe qoyub. Azərbaycan öz növbəsində Avropadakı dostlarını fəallaşdırmalıdır

Fransa prezidenti Emmanuel Makron Ermənistanı açıq-aşkar dəsətkləməklə birincisi, münaqişənin həllində tərəfsiz vasitəçi statusunu itirmiş oldu, ikincisi Azərbaycanla münasibətlərə zərər vurdu. Əlbəttə, Azərbaycan ordusu Dağlıq Qarabağda hərbi əməliyyatı uğurla bitirdikdən və Ermənistanı sülhə məcbur etdikdən sonra Bakı ilə Paris arasındakı münasibətlərdə yenidən normallaşma mümkündür. Ancaq bu normallaşmanı və sağlam əlaqələri Makrondan sonrakı prezidentlə qurmaq mümkün olacaq.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyir.

Azərbaycan müstəqillik qazandıqdan bu yana Fransa ilə tərəfdaşlıq münasibətlərinə çalışıb. Buna baxmayaraq, Fransadakı erməni diasporu bu münasibətlərə hər zaman mane olmağa çalışıb. Bu səbəbdən rəsmi Bakı 1990-cı illərin ortalarında Avropa dövlətlərindən Fransanın ATƏT-in Minsk Qrupunun üçüncü həmsədr təyin edilməsinə etiraz etmişdi. Rəsmi Bakı neytral dövlət kimi Almaniyanın üçüncü həmsədr olmasını istəyirdi. Ancaq ATƏT-in o illərdəki sədri rəsmi Bakının rəyini nəzərə almadan Fransanı üçüncü həmsədr olaraq təyin etdi və biz fakt qarşısında qaldıq.

Buna baxmayaraq, Bakı ilə Paris arasında normal münasibətlər mövcud idi. Fransanın keçmiş prezidentləri Jak Şirak, Fransua Olland və Nikola Sarkozi Ermənistana və ermənilərə rəğbət bəsləsələr də, Dağlıq Qarabağ münaqişəsində vasitəçi olduqlarına görə Azərbaycanla da əlaqələrə önəm verirdilər. Fransua Oilland və Nikola Sarkozi Ermənistanla yanaşı Azərbaycana da səfər etmişdilər. Emmanuel Makron isə prezident seçildikdən sonra yalnız Ermənistana səfər edib, Azərbaycana səfər etməyi lazım bilməyib.

Makronun Türkiyənin guya Azərbaycana Suriya muzdluları göndərməsi və atəşkəsi Azərbaycanın pozması barədə fakta istinad etməyən açıqlamaları onun erməni tərəfini seçdiyinə işarədir.

Türkiyə Suriyada və Liviyada möhkəmlənib, Afrika qitəsində müxtəlif ölkələrlə sıx əlaqələr qurub. Bütün bunlar Fransanın hakimiyyət dairələrində narahatlıq doğurur. Türkiyə gəmisi Şərqi Aralıq dənizində qaz araşdırması aparanda Türkiyə əleyhinə olan Yunanıstana əsas dəstək Parisdən gəldi. Görünür, hazırda rəsmi Paris Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqından da ciddi narahatdır.

Makronun Ermənistana açıq dəstəyindən sonra Bakı Fransanın vasitəçiliyini qəbul etməyəcək. Keçmiş illərdən fərqli olaraq Azərbaycan təmsilçilərinin erməni həmkarlarıyla Parisdə görüşməsi də mümkün deyil.

Fransa bundan sonra Avropa İttifaqının iki aparıcı dövlətindən biri kimi köhnə qitədə Azərbaycan üçün problemlər yaratmağa çalışacaq, hətta mümkündür ki, Avropa Parlamentində Azərbaycan əleyhinə hansısa sənədin qəbuluna çalışsın. Odur ki, rəsmi Bakı Avropadakı dostlarını hərəkətə gətirməlidir. Bakı Polşa, Çexiya, Rumıniya və Avropa İttifaqındakı digər dost ölkələrlə, o cümlədən yaxınlarda Azərbaycan qazını qəbul edəcək dövlətlərlə təmaslarını yoğunlaşdırmalıdır. Fransa görməlidir ki, Azərbaycanın Avropada da dostları az deyil və həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Bu arada, Ermənistanın İsraildəki səfirini geri çağırması rəsmi Bakıya diplomatik alanda manevr imkanlarını genişləndirməyə yeni imkanlar açır və bundan istifadə etmək lazımdır. İsrailin Azərbaycana satdığı müasir silahlar illərdir erməniləri narahat edir və bunun qarşısını ala bilmirlər.

ABŞ İsrailin bölgədəki əsas strateji müttəfiqidir. İsrailin Avropada da dostları az deyil. Rəsmi Bakı bundan istifadə edərək İsraillə dialoq genişləndirməlidir. ABŞ və Avropadakı yəhudi diasporunun imkanlarından istifadə etmək lazımdır. Türkiyənin İsraillə hazırki münasibətlərində soyuqluq olsa da, Ankara Bakıya ümumi qələbə naminə İsraillə dialoqu davam etdirməyə mane olmayacaq. Bəlkə də gələcəkdə Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşmasında Bakı dialoq müstəvisi kimi seçilsin.

Ermənistan İsraildən səfirini geri çağırmaqla müharibənin gedişatında ərəb dünyası ilə İranın İrəvana dəstəyinin artacağına ümid edir. Ancaq ərəb dövlətləri Amerikanın istəyi ilə İsraillə diplomatik münasibətlər qurmaq üçün sıraya düzülüblər. İrana gəldikdə isə qonşu ölkədə azərbaycanlı amili ağır basmağa başlayıb, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə Azərbaycana dəstək aksiyaları qeydə alınıb. Buna görə də İran İrəvan İsraildəki səfirini geri çağırıb deyə açıq-aşkar Ermənistana dəstək verməyəcək. Təsadüfi deyil ki, İran dini liderinin Güney Azərbaycan əyalətlərindəki 4 təmsilçisi birgə bəyanat verərək Dağlıq Qarabağ savaşında Azərbaycana dəstək verdiklərini bildiriblər. Əlbəttə, Tehrandakı bəlli qüvvələr Ermənistana dəstək verə bilərlər, ancaq bunu ən azı açıq şəkildə etməkdən çəkinəcəklər.

“Atlas” Araşdırmalar Mərkəzi

Son xəbərlər
Digər xəbərlər