12 C
Baku
Saturday, November 23, 2024

Fransa Rusiyanı qabaqlayaraq silah ixracında dünya ikincisi olub

Avropa dövlətləri 2014- 2018 və 2019-2023-cü illər arasında əsas silah idxalını demək olar ki, iki dəfə (+94 faiz) artırıb, ABŞ 2014-2018 və 2019-2023-cü illər arasında silah ixracını 17 faiz artırıb, Rusiyanın silah ixracı isə iki dəfə azalıb. Rusiya ilk dəfə olaraq Fransadan bir qədər geri qalaraq üçüncü ən böyük silah ixracatçısı olub.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu gün dərc etdiyi beynəlxalq silah transferləri ilə bağlı hesabatında deyilir.

Yeni hesabata görə, beynəlxalq silah transferlərinin qlobal həcmi 2014-2018 və 2019-2023-cü illər arasında 3,3 faiz azalıb.

2019-2023-cü illərdə Avropa dövlətləri silah idxalının təxminən 55 faizini ABŞ-dan edib, 2014-2018-ci illərdə isə bu rəqəm 35 faiz olub.

SIPRI-nin direktoru Den Smit bildirib ki, Avropadakı NATO dövlətlərinin ABŞ-dan idxal etmək qərarına bir çox amillər təsir edir ki, bunların arasında texniki, hərbi məsələlərlə yanaşı, trans-Atlantik əlaqələri saxlamaq məqsədi də var. “Əgər yaxın illərdə trans-Atlantik əlaqələr dəyişərsə, Avropa dövlətlərinin silah satın alma siyasətləri də dəyişdirilə bilər”, – o deyib.

ABŞ-ın silah ixracı 2014-2018 və 2019-2023-cü illər arasında 17 faiz artıb və onun ümumi qlobal silah ixracındakı payı 34 faizdən 42 faizə yüksəlib. ABŞ 2019-2023-cü illərdə 107 ölkəyə silah tədarük edib ki, bu da əvvəlki beş illik dövrdə olduğundan və hər hansı digər silah ixracatçısından qat-qat çoxdur. ABŞ və Qərbi Avropa dövlətlərinin birlikdə digər ölkələrə silah ixracı 2014-2018-ci illərdəki 62 faizlə müqayisədə 2019-2023-cü illərdə bütün silah ixracının 72 faizini təşkil edib.

Fransanın silah ixracı 2014-2018 və 2019-2023-cü illər arasında 47 faiz artıb və ilk dəfə Rusiyanı qabaqlayaraq ikinci ən böyük silah ixracatçısı olub. Fransanın silah ixracının ən böyük payı (42 faiz) Asiya və Okeaniya dövlətlərinə, digər 34 faizi isə Yaxın Şərq ölkələrinə gedib. Fransanın silah ixracının ən böyük tək alıcısı Hindistan olub ki, bu da təxminən 30 faiz təşkil edib. Fransanın silah ixracındakı artım əsasən Hindistan, Qətər və Misirə döyüş təyyarələrinin tədarükü ilə bağlı olub.

Rusiyanın silah ixracı 2014- 2018 və 2019- 2023-cü illər arasında 53 faiz azalıb. Azalma son beş il ərzində sürətli olub və Rusiya 2019-cu ildə 31 dövlətə silah ixrac etdiyi halda, 2023-cü ildə yalnız 12 ölkəyə ixrac həyata keçirib. Asiya və Okeaniya dövlətləri 2019-2023-cü ildə Rusiyanın ümumi silah ixracının 68 faizini, Hindistan 34 faiz, Çin isə 21 faizini alıb.

ABŞ, Fransa və Rusiyadan sonra digər 10 ən yaxşı silah ixracatçısına nəzər salsaq, ixracatda iki artım qeydə alınıb: İtaliya (+86 faiz) və Cənubi Koreya (+12 faiz); beşində isə azalma müşahidə olunub: Çin (–5,3 faiz), Almaniya (–14 faiz), Böyük Britaniya (–14 faiz), İspaniya (–3,3 faiz) və İsrail (–25 faiz).

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər