Fransada elektrikli velosipedə keçənlərə 2.5 min avro ödəniləcək

Fransa hökuməti köhnə avtomobil sahiblərinə elektrikli velosiped almaq üçün 2 500 avro (2 975 dollar) verəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qərar Milli Məclisin ilkin səsverməsində qəbul edilib.

Qeyd edək ki, bu təşəbbüs parlamentin qəbul etdiyi iqlim haqqında qanun layihəsinə dəyişiklik çərçivəsində irəli sürülüb. Layihə 1990-cı illə müqayisədə 2030-cu ildən istixana qazı emissiyasını 40% azaltmağı hədəfləyir.

Ümumiyyətlə, Fransa maşını elektrikli velosipedlə əvəz etməyi təklif edən ilk ölkə ola bilər. “İlk dəfə olaraq, problemin həll yolunun avtomobilləri daha ekoloji etmək deyil, sadəcə maşın sayını azaltmaq olduğu qəbul edilib”, – deyə Fransanın Velosipedçilər Federasiyasının (FUB) nümayəndəsi bildirib.

“The Next Web” yazır ki, hal-hazırda Finlandiyada da analoji ödəmələr mövcuddur. Burada artıq 3.2 mindən çox sakin elektrikli velosipedə üstünlük verir. Digər bir misal Litvadır – ölkə köhnə avtomobilini satanlara 1 min avro ödəyir, ümumilikdə proqramda 8.5 mindən çox insan iştirak edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.