Fransa Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi general Fabyen Mandon bəyan edib ki, Fransa ordusu Rusiya ilə qarşıdurmaya hazır olmalıdır.
Bu barədə “Le Figaro” məlumat yayıb.
Sentyabrın 1-də Fransa Silahlı Qüvvələrinə rəhbərlik etməyə başlayan Mandonun sözlərinə görə, o, ordunun qarşısına “üç-dörd il ərzində münaqişəyə hazır olmaq” tapşırığını qoyub.
“Bu, bir növ sınaq olacaq: bəlkə, artıq keçdiyimiz hibrid müharibə şəklində, bəlkə də, daha sərt toqquşma şəklində. Rusiya qitəmizdə müharibəni davam etdirməyə çalışa biləcək bir ölkədir və bu mənim hazırlıq planımda həlledici amildir”, – general əlavə edib.
O qeyd edib ki, belə şəraitdə Fransanın, ilk növbədə, hərbi büdcəni artırması lazımdır. Müdafiə büdcəsi layihəsi 2026-cı ildə 57,1 milyard avroya çatdırılmasını, yəni bu illə müqayisədə 13% artımı nəzərdə tutur. Ölkənin hərbi xərcləri isə ÜDM-in 2,2%-nə çatacaq.