Fransanın baş naziri Jan Kasteksdə COVID-19 aşkarlanıb.
Bu barədə “Agence France-Presse” baş nazirin dəftərxanasına istinadən məlumat yayıb.
“Onun iş qrafiki yaxın günlərdə tənzimlənəcək ki, baş nazir özünü təcrid vəziyyətində işləməyə davam edə bilsin”, – mənbə agentliyə deyib.
Agentliyin məlumatına görə, daha əvvəl Kasteksin iki qızından birinin koronavirus testi müsbət olub. Bu səbəbdən o, bazar ertəsi özünü təcrid edib. Fransanın baş naziri bazar ertəsi Qvadelupadakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin nümayəndələri və Fransanın bu xarici ərazisindən olan parlamentarilərlə videobağlantı vasitəsilə görüşdə iştirak edib. Tədbir Parisdəki Matinyon sarayında qiyabi keçirilib.
Fransanın baş naziri bazar ertəsi səhər saatlarında Brüsselə səfər edib və burada belçikalı həmkarı Aleksander De Kroo ilə görüşüb.
Kasteks ilk dəfə 2020-ci ilin dekabrında Prezident Emmanuel Makronun koronavirus testi müsbət çıxmasından sonra özünü təcrid edib. Onun özünü ikinci dəfə təcrid etməsi iyunun 9-da olub, lakin sonra baş nazirin görüşdüyü şəxslərdən hansının COVID-19-a yoluxduğu barədə məlumat verilməyib. Baş nazir “AstraZeneca” şirkətinin istehsalı preparatının iki dozası ilə peyvənd olunub. Son peyvənd 19 iyun 2021-ci ildə edilib.
Qeyd edək ki, Fransa koronavirusa yoluxma hallarının sayına görə dünyada 7-ci yerdədir. Qərbi Avropa ölkəsində pandemiya ərzində COVID-19-a 7 420 237 yoluxma, 118 555 ölüm qeydə alınıb. Son sutka ərzində ölkədə daha 5 266 nəfərdə təhlükəli infeksiya aşkarlanıb. Eyni zamanda virusun aşkarlandığı 94 nəfər ölüb.