Fransanın məşhur şirkətləri koronavirusa qarşı dövlət dəstəyindən imtina edib

Paris, Fransa

Fransanın LVMH, “Kering”, “Hermes” və “Chanel” kimi məşhur şirkətləri koronavirusa qarşı dövlət dəstəyindən imtina edib.

“Financial Times” xəbər verir ki, LVMH və “Kering” əvvəlcə əməkdaşlarına dövlətdən vəsait alacaqlarını bildirsələr də, daha kiçik rəqiblərin öz gücünə arxayın olduğunu öyrəndikdən sonra bu qərardan daşınıblar.

LVMH-ın dərc olunmuş daxili sənədlərinə görə, martın 15-də əməkdaşlara iş vaxtlarının azaldılacağı, rəsmi olaraq ödənişsiz məzuniyyətə göndəriləcəyi, amma dövlət vəsaiti hesabına əməkhaqlarının saxlanılacağı bildirilmiş, ötən həftə isə qərara alınıb ki, yalnız LVMH Holdinqinin tərkibindəki “Les Echos” və “Le Parisien” qəzetlərinin bu yardımdan faydalana biləcəkləri məqsədəuyğundur.

Həmçinin “Total” və “Societe Generale” kimi bir çox iri şirkətlərin də dövlətin maliyyə yükünü daha da artırmamaq naminə sözügedən dəstəkdən imtina etdiklərini bildiriblər. Hazırda dövlət dəstəyi üçün müraciət etmiş 473 minə yaxın şirkət bütövlükdə 5 milyonadək işçini əhatə edir. Bu qədər insanlara kömək etmək üçün dövlət büdcəsindən 11 milyard avrodan artıq vəsait ayırmaq lazım gələcək.

©Report