1811-ci ildə alman mexanik Franz Leppich fransız imperatoru Napoleonun qəbuluna düşməyə nail olur. Burada o Napoleona mərmiləri havaya qaldıraraq oradan düşmən üzərinə atmaq imkanı verən dirijablın yaradılması ideyasını təklif edir. Lakin mexanikin ideyası fransız imperatorunun marağına səbəb olmur və “səma fatehi” rədd cavabı alır. Lakin alman dahi öz planından imtina etmək niyyətində deyildi. Bu səbəbdən də ideyasını Ştutqartdakı rus səfirinə təklif edir. O da öz növbəsində dərhal olaraq I Aleksandra məktub göndərir. Bu dəfə Leppichin bəxti gətirir və tezliklə Rusiyaya getməsi üçün dəvət əldə edir.
1812-ci ilin may ayının sonlarında Leppich Moskvaya gəlib çatır. Onun buraya gəlişi gizli saxlanılırdı və hətta sənədlərdə ona Şmidt soyadı verilmişdi. Ona burada rahat işləməsi üçün emalatxana yaradılır və xüsusi mühafizə ilə təmin edilir. Qeyd edək ki, onun bu ideyasının həyata keçirilməsi üçün 150 işçi zəhmət çəkirdi.
Bu dirijabl xüsusi hazırlanmış “hava avarçəkənlərinin” köməkliyi ilə hərəkətə gətirilən qanadlar vasitəsilə uçmalı idi. İlk uçuş sınaqları 1812-ci ilin iyul ayının sonlarında həyata keçirilir. Dirijabl yerdən bir qədər yüksəyə qalxa bilmişdi. Lakin uğursuzluq avarların zəifliyi ilə izah edilmiş və daha güclülərinin yaradılması qərara alınmışdı. Bu zaman Napoleon ordusu artıq Moskvaya yaxınlaşırdı və emalatxana Nijni Novqorod ərazisinə köçürülür.
Leppichin özü isə Oranienbauma göndərilir və 1813-cü ilin sonuna qədər işlərini burada davam etdirir. Bu zaman qubernatorun onun uğuruna olan ümidləri puç olur və onu fırıldaqçı adlandırır. 1813-cü ildə ixtiraçı yeni qurğusunu cəmi bir neçə metr yüksəkliyə qaldıra bilir və havada onu idarə etmək çətin idi. Bu zaman dirijabla ehtiyac artıq lazım olmur, iş dayandırılır və Leppichin izləri silinir. Ola bilsin ixtiraçı kəşfi ilə zamanı qabaqlamışdı. Ondan geri qalan isə ixtiranın həyata keçirilməsi üçün xərclənən 320 000 rubl qalır.