Donald Tramp administrasiyası dərman preparatlarına yeni idxal rüsumları hazırlayır. Bu barədə mənbələrə istinadən “Financial Times” məlumat yayıb.
Ötən ilin payızında ABŞ-də artıq dərman istehsalı üzrə zavodları ölkə ərazisində qurmaq istəməyən və ya qurmayan xarici farmasevtik şirkətlər üçün artırılmış idxal rüsumları qüvvəyə minib. Dərman qiymətlərinin aşağı salınması Trampın seçki proqramının əsas bəndlərindən biri olub və o, prezident olduqdan sonra da bu mövzuya tez-tez qayıdır.
FT-nin məlumatına görə, bu həftə elan olunacaq yeni rüsumlar 1962-ci il Ticarətin genişləndirilməsi haqqında ABŞ qanununun 232-ci maddəsinə uyğun olaraq aparılan milli təhlükəsizlik araşdırmasının nəticəsi kimi tətbiq ediləcək. Araşdırma ötən ilin aprelində başlanıb. Bu çərçivədə tətbiq edilən rüsumlar ABŞ Ali Məhkəməsinin fevralda Tramp tərəfindən tətbiq olunan bəzi rüsumları ləğv edən qərarına şamil olunmur.







