2026-cı ilin ilk üç ayında Avropa Yaxın Şərqdəki münaqişə fonunda Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırıb. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
“Kpler” nəşrinin məlumatlarına görə, birinci rübdə Avropanın “Yamal LNG” layihəsindən idxalı 5 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Ekoloji qeyri-kommersiya təşkilatı “Urgewald”ın hesablamalarına görə, Avropa İttifaqı ölkələri Rusiya LNG-si üçün təxminən 2,88 milyard avro ödəyib.
FT yazır ki, ilk üç ay ərzində Avropa İttifaqı Rusiya şirkətindən göndərilən 71 partiyanın 69-nu (97%) qəbul edib. Bu partiyalardan 25-i yalnız mart ayında idxal olunub. 2025-ci ilin eyni dövründə isə Aİ 68 partiyanın yalnız 87%-ni almış, qalan yüklər Asiyaya yönləndirilmişdi.
“Urgewald” təşkilatının fəalı Sebastyan Rotters bildirib ki, ilk üç ayda Avropaya çatdırılan 5 milyon ton qaz “Avropa alıcılarının Rusiya LNG-sindən imtina etmək istəmədiyini göstərir”. Onun sözlərinə görə, əgər 2027-ci ilin yanvarında Rusiya qazının idxalına qadağa qüvvəyə minsə, “Yamal LNG” üçün yeni alıcı tapmaq çətin olacaq. Avropa Komissiyasının 2026-cı il üzrə məlumatlarına əsasən, hazırda blokun idxal etdiyi LNG-nin üçdə ikisindən çoxu ABŞ-dən gəlir.
“Bloomberg” agentliyi aprelin 9-da bildirib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Rusiya ABŞ sanksiyaları altında olan LNG-nin Asiya ölkələrinə dolayı yollarla satışını təklif etməyə başlayıb. Agentliyin mənbələrindən birinin sözlərinə görə, “az tanınan Rusiya və Çin vasitəçiləri” qazı spot qiymətlərdən 40% endirimlə təklif ediblər.







