Aviaşirkətlər yanacağın bahalaşması səbəbindən qışda reyslərin sayını azalda bilər

Dünya aviaşirkətləri Yaxın Şərqdəki vəziyyət fonunda aviasiya yanacağının qiymətlərinin yüksək səviyyədə qalacağı təqdirdə qış uçuş cədvəllərində ciddi dəyişikliklər etməyə və on minlərlə reysi ləğv etməyə hazırlaşırlar. Bu barədə “Financial Times” (FT) qəzeti yazır.

Nəşrin məlumatına görə, yaxın həftələr ərzində aviaşirkət rəhbərləri daşıma güclərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması ilə bağlı yekun qərarlar qəbul edəcəklər.

“International Air Transport Association” cari il üzrə proqnozlarını əhəmiyyətli dərəcədə aşağı salıb. Assosiasiya qlobal aviasiya sektorunun mənfəətinin 43 milyard dollardan 23 milyard dollara qədər azalacağını bildirib. IATA həmçinin xəbərdarlıq edib ki, yanacaq qiymətləri ilin sonuna doğru enməyə başlasa belə, sektor əlavə 100 milyard dollar yanacaq xərci ilə üzləşəcək.

“ITA Airways” şirkətinin baş icraçı direktoru Joerg Eberhart bildirib ki, ən pis ssenaridə İtaliya daşıyıcısı oktyabrdan aprelədək olan dövrdə reyslərinin 20%-nə qədərini ixtisar etməli olacaq.

Onun sözlərinə görə, vəziyyət çox dəyişkəndir və gələcəkdə hökumət dəstəyinə ehtiyac yarana bilər.

Öz növbəsində, “Turkish Airlines” rəhbərliyi qeyd edib ki, yanacaq qiymətləri payızadək aşağı düşməzsə, şirkət uçuşların tezliyini azaltmağa məcbur olacaq.

Şirkətin maliyyə direktoru Murat Şeker bildirib ki, aviasiya kerosininin yüksək qiymətləri iyuldan sonra, xüsusilə sentyabr ayınadək davam edərsə, bəzi istiqamətlər üzrə reyslərin sayı azaldılacaq, hətta müəyyən marşrutlar tamamilə bağlana bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər