ABŞ prezidenti Donald Trampın Kubaya təzyiqi artırdığı bir vaxtda, ölkədə mövcud istehlak və hasilat səviyyəsi ilə neft ehtiyatları cəmi 15–20 gün yetə bilər. Bu barədə “Financial Times” yazır.
Bildirilir ki, ilin əvvəlindən etibarən Kubaya cəmi 84,9 min barel neft tədarük edilib. Bu isə gündə təxminən 3 min barel deməkdir. Müqayisə üçün, 2025-ci ildə orta gündəlik göstərici 37 min barel olub. Ölkədəki ümumi neft ehtiyatları isə təxminən 460 min barel təşkil edir.
“The Wall Street Journal” daha əvvəl yazmışdı ki, ABŞ ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyinə nail olmaq istəyir və yaxın vaxtlarda iqtisadi təzyiqləri, o cümlədən neft blokadasını gücləndirməyi planlaşdırır. KİV-lər həmçinin Venesuelanın yeni rəhbərliyinin ABŞ-yə Kubaya neft tədarükünü dayandıracağına söz verdiyini bildirmişdi. Bundan başqa, Meksikanın da Kubaya neft tədarükünü dayandırdığı xəbər verilmişdi. Bu məlumatı dolayısı ilə Meksika prezidenti Klaudiya Şeynbaum təsdiqləyərək bildirib ki, Kubaya neft tədarükünün dayandırılması xarici təzyiqin deyil, Meksikanın suveren qərarıdır.
FT yazır ki, əgər tədarüklər bərpa olunmasa, Kuba böyük ehtimalla elektrik enerjisinin verilməsinə ciddi məhdudiyyətlər tətbiq etməli olacaq. Artıq hazırda ölkədə mütəmadi elektrik kəsintiləri müşahidə olunur. Nəşr həmçinin qeyd edir ki, Rusiyadan və Əlcəzairdən Kubaya neft tədarükləri son dərəcə qeyri-müntəzəmdir. Məlumata görə, Rusiyadan son neft tədarükü 2025-ci ilin oktyabrında, Əlcəzairdən isə təxminən bir il əvvəl həyata keçirilib.







