13 C
Baku
Sunday, November 27, 2022

Fuad Mailov: “İnnovativ həllərimizi dünya bazarlarına çıxarmağa çalışırıq”

İndiki biznes şəraiti müasir həllərə ehtiyac duyur. “Technofusion” şirkəti də blokçeyn, layihələrin icrası və idarə edilməsi, kibertəhlükəsizliyin təmin edilməsi və digər həllər təklif etməklə biznesin inkişafına dəstək olur. Şirkət artıq 6 ildən çoxdur ki, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində müştərilərə yüksək keyfiyyətli inteqrasiya və məsləhət xidmətləri təklif edir. Həmçinin hökümətin rəqəmsallaşma təşəbbüsünü dəstəkləyən “Technofusion” artıq bir neçə uğurlu dövlət layihəsinə də imza atıb. 

Şirkətin həyata keçirdiyi layihələr və gələcək planları barədə suallarımızı “Technofusion” şirkətinin direktoru Fuad Mailov cavablandırıb. 

– Hökumət tərəfindən rəqəmsallaşma istiqamətində çoxsaylı layihələr həyata keçirilir. “Technofusion” olaraq bu istiqamətdə hansı xidmətləriniz və töhfələriniz vardır?

Şirkətimiz profilimizə uyğun olan bütün dövlət layihələrində iştirak etməkdə olduqca maraqlıdır və son illər ərzində artıq bir neçə uğurlu dövlət layihəsinə imza atıb. Həmin layihələr arasında ASAN Xidmət, AzİnTelecom, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər dövlət qurumlarında həyata keçirdiyimiz və müxtəlif texnologiyaları və həlləri özündə cəmləşdirən layihələri qeyd edə bilərik. Bundan sonra da şirkətimiz dövlət tərəfindən başlanılan və uğurla davam etdirilən hökumətin rəqəmsallaşma təşəbbüsünü dəstəkləməyə və öz töhfəmizi verməyə davam edəcək.

– İT ilə maraqlanan şəxslərə, o cümlədən gənclərə necə dəstək olursunuz? Bu sahədə universitetlərlə əməkdaşlıqlarınızdan indiyədək hansı nəticələr əldə edilib, bu sahədə gözləntiləriniz və gələcək planlarınız necədir? 

Əlbəttə, şirkətimiz Azərbaycanın bir çox aparıcı dövlət və özəl universitetləri ilə uğurlu əməkdaşlığı davam etdirir. Həmçinin biz “STEP İT” kompüter akademiyası, “TechAcademy”  və digər bu kimi yerli təlim mərkəzləri ilə sıx əməkdaşlıq edirik. 

Əlavə olaraq qeyd edim ki, şirkətimizdə müntəzəm olaraq 2-3 ay davam edən təcrübə proqramları keçirilir və İT sahəsində təhsil alan tələbələr sözügüdən proqramlarda iştirak üçün dəvət edilir. Proqram iştirakçıları nəinki əsas biliklərini təkmilləşdirir, həm də ən son texnologiyalarla yaxından tanış olur və komanda çərçivəsində işləmək təcrübəsini əldə edirlər. Proqramın sonunda ən yüksək nəticə göstərən tələbələr şirkətimizdə çalışmaq üçün iş təklifi alırlar.

–  Müasir qlobal tendensiyalar yerli bazarda necə əksini tapır?

Bildiyiniz kimi, informasiya texnologiyaları sahəsi dünya ölkələrinin iqtisadi inkişafında əsas rollardan birini oynayır və hətta əminliklə deyə bilərik ki, son illər ərzində texnologiyaların rolu daha çox nəzərə çarpır. Müasir texnologiyalarn müsbət təsirini maliyyə, səhiyyə, təhsil, elm və digər bu kimi sahələrdə müşahidə etmək mümkündür. Müasir tendensiyalar və texnologiyaların durmadan inkişaf etməsi və bütün sahələr üzrə geniş tətbiqi yerli bazarın daha məhsuldar olmasına, onun səmərəliliyinin artmasına, o cümlədən insanların məşğulluq göstəricilərini artırmaqla gündəlik həyatımızı daha da asanlaşdırır. Qeyd edim ki, informasiya texnologiyaları daim inkişafda olan bir sahə olduğu üçün buradakı tendensiyalar bir əvvəlki illərdəkindən xeyli fərqlənir. İldən-ilə mühüm irəliləyişlər müşahidə edilir. Müasir qlobal tendensiyaları izləmək, onlara uyğunlaşmaq və yerli bazarımızda tətbiq etmək məhz bizim kimi yerli İT şirkətlərinin də məsuliyyətində olan bir məsələdir. Biz bu məsuliyyətin nə qədər ciddi olduğunu anlayırıq və dünyada olan ən son texnologiyaları Azəbaycana gətirmək üçün əlimizdən gələni edirik.

– Yalnız Azərbaycan deyil, Gürcüstan və Mərkəzi Asiyaya geniş çeşidli xidmətlər təklif edirsiniz. Fəaliyyət əhatənizi genişləndirməyi düşünürsünüzmü?

Technofusion olaraq biz bir neçə istiqamətdə fəaliyyət göstəririk. Və bu istiqamətlərdən biri də innovativ həllərin yaradılması və qlobal bazar müştərilərinin tələblərinə uyğunlaşdırılmasıdır. Hazırda şirkət tərəfindən yaradılmış və daim üzərində təkmilləşmə işləri aparılan bir neçə innovativ həllin dünya bazarlarına çıxışını təmin etmək məqsədi ilə müəyyən işlər və tədbirlər planlı şəkildə mütəmadi olaraq həyata keçirilir. Elə şirkətin əsas məqsədlərindən biri də məhz həllərimizi və xidmətlərimizi qlobal bazarda təklif etməklə fəaliyyətimizin əhatə dairəsini tədricən genişləndirməkdir.

– Gələcək fəaliyyətinizdə prioritet və strateji hədəf olaraq nələri müəyyən etmisiniz?

Əsas məqsədlərimizdən biri şirkətin fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi və etibar qazandığı dəyərli müştərilərimizin daim yanında olmaq və onlara öz texniki və biznes hədəflərinə çatmaqda yardım etməkdir. Bundan əlavə, şirkət və komanda olaraq daim inkişaf etməyi, keyfiyyətə nəzarət mexanizmlərini, mühəndislərimizin, texniki heyətimizin, proqramlaşdırma üzrə mütəxəssislərimizin bilik, bacarıq və səriştələrinin müntəzəm olaraq artırılmasını və yeni bazarlara çıxmağı əsas hədəflər kimi qarşımıza qoyuruq. Şirkətimizin əsas üstünlüklərindən olan və innovativ müasir texnologiyalar üzərində yaradılan unikal həllərin daha da təkmilləşdirilməsi və daha geniş auditoriyanın diqqətinə çatdırılmasını ən vacib prioritetlərimizdən sayırıq.

Strateji hədəflərə gəlincə, innovativ həllərimizin qlobal bazara çıxmasını, müştəri bazamızın eksponensial şəkildə artımını və şirkətimizin ən vacib aktivi olan insan resurslarımızın daim inkişafının təmin edilməsini strateji vəzifələrimiz kimi görürük.

Son xəbərlər
Digər xəbərlər
X