10 C
Baku
Thursday, December 12, 2024

Fuad Sadıqov: “Bitkini bütün rayonlarda eyni qiymətlə siğortalamaq düzgün deyil”

Hər bölgənin özünəməxsus riskləri var, ona görə də eyni bitkini fərqli rayonlarda siğortalayanda eyni qiymət tətbiq etmək düzgün deyil.

Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

Onun sözlərinə görə, Gəncə-Qazax, Daşkəsən-Tovuz və Şəki-Zaqatala bölgələri kifayət qədər doluya məruz qalan ərazilərdir: “Risk bu ərazilərdə daha çoxdur. Burda dolu riskinə dair hər hansı bir faiz tətbiq edilirsə, bu faizi Aran bölgəsində, yaxud da Abşeronda yerləşən təsərrüfatlara tətbiq etmək düzgün deyil. Ona görə ki, Azərbaycanda daha çox dolu qeyd etdiyim bölgələrdə olur, Abşeronda az olur. Hər rayona uyğun tariflər müəyyən edilib, bu bölgələrə görə dəyişir”.

F.Sadıqov vurğulayıb ki, aqrar sahə üzrə ixtisaslaşan ölkələrdə təhlil etdik ki, fermerlər hansı risklərlə üzləşirlər: “Azərbaycanda baş verə biləcək risklərin böyük əksəriyyətini biz artıq siğortalayırıq. Bizdə ən vacib risklərdən biri şaxtavurma-donvurma, izafi yağıntılar, vəhşi heyvanların hücümları və yanğınlardır, biz artıq bu kimi riskləri siğortalayırıq. Məsələn, Biləsuvarda tez-tez belə hallarla rastlaşırıq ki, çöl donuzları neytral ərazilərdə əkilən taxıl sahələrini sürü şəkildə məhv edirlər. Fermer bunu idarə edə bilmir, neytral ərazidir, hər dəqiqə ora girmək olmur. Xüsusi qorunan ərazidir, nəticədə fermer əziyyət çəkir”.

Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən Azərbaycanda heyvandarlıq, bitkiçilik və akvakultura məhsullarının sığortalanması həyata keçirilir. Heyvandarlıq məhsulları olaraq 11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar), 11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar), 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər), bitkiçilik məhsulu olaraq taxıl, paxlalılar və yağlı bitkilərdə – dən, lifli bitkilərdə – lif, əsas məhsulu kök və dibində olan bitkilərdə – kök və dib, əsas məhsulu yarpaq olan bitkilərdə – yarpaq, meyvəsi yeyilən bitkilərdə – meyvə, yem bitkilərində – bütün yaşıl hissə sığortalanır. Akvakultura məhsulu kimi balıqlar aqrar sığorta predmeti hesab edilir.

Son xəbərlər
Digər xəbərlər