Gələcəyin iş dünyası: insan kapitalının əhəmiyyəti

  • 8
  •  
  •  
  •  

Simon de Beauvoir’in belə bir sözü var: Evlilik qadınlara ənənəvi olaraq verilmiş tək gələcəkdir. Qadınların bir çoxu evlidir, əksəriyyəti nə vaxtsa evli olub qalanları isə  ailə qura bilmədikləri üçün əzab çəkirlər. Beauvoir xanımın bu sözlərində haqlı olub-olmaması təbii ki mübahisəyə açıqdır. Mənə qalsa sözdür də, deyib. Amma mövzumuz o deyil. Məsələ iş tapmaqdır. Məşğulluq bütün insanlara verilmiş tək gələcəkdir. Onların bir çoxu əmək fəaliyyəti ilə məşğuldur, bəziləri nə vaxtsa məşğul olub, əksəriyyəti isə iş tapa bilmədiyi üçün  maddi və mənəvi formada əzab çəkir. Qısası məşğulluq problemi sosial-iqtisadi səciyyəli problemlərdəndir. Böyük dərddir.

Məktəbə gedəndən universiteti bitirənə qədər bir şey eşidirsən : oxuyursan ki, işləyəsən! Özü də bu elə -belə iş olmamalıdır. Mümkün qədər yaşlı vaxtını da düşünməlisən( bu nə polyannalıq?) gələcəkdə yaxşı  təqaüd ala biləcəyin iş olmalıdır, sanballı olmalıdır. İstədiyin iş olub olmaması isə o qədərdə vacib deyil.  Elə belə bir iş tapmaq üçün hazırlıq görməyə başlayırdıq ki, bu dəfədə təzə şeylər çıxır. Ordan kimsə qışqırır ki, “Sizi öldürməyə gələcəklər”(https://www.youtube.com/watch?v=2q2a6hGVeuo). Mövzunu bir az araşdırdıqda narahatlığa heç bir əsas olmadığı aydın olur. Sadəcə bu vaxta qədər bizə əmək fəaliyyəti ilə məşğul olmaq imkanı verən bilik və bacarıqlarımız tullantı olma riski ilə üz-üzədir.

Dünya ölkələrinin inkişafında insan amilinə dair Avrasiya İnsan İnkişafı Fondunun  hazırladığı hesabat nəticəsində qlobal iqtisadi artımın 64 %-nin insan kapitalı sayəsində əldə olunduğu aydınlaşıb. Lakin insan amili olaraq bu faktla kifayət qədər öyünməyə vaxt tapmamış hansısa şirkətdə peşə sahələrinin avtomatlaşdırılması və  insan əməyinin robotlarla əvəz olunması ilə bağlı xəbərlər gündəmi zəbt edir. Məsələn, yaxın zamanda Yaponiyanın böyük  maliyyə şirkəti olan “Mitsubishi UFJ Financial Group” 10.000-ə yaxın iş yerini avtomatlaşdırdı. Bu xəbərlər “insan amili” –nin istehsal prosesində əhəmiyyətini sual altında qoyaraq insanların robotlara gələcək əmək bazarında üzləşəcəkləri rəqibləri kimi yanaşmasına, hətta nifrət bəsləməsinə səbəb olur. Əslində isə rəqabət aparmalı olduğumuz robotlar yox, özündə yüksək insan kapitalını cəmləmiş həmin texnologiyalarının yaradıcılarıdır.

İnsan kapitalı anlayışı lüğətə 1961-ci ildə iqtisadçı Theodore Schultz tərəfindən daxil edilmişdir. Müasir iqtisadi nəzəriyyədə insan kapitalı kapitalın xüsusi növü hesab olunaraq, insanda cəmləşən və ona  istehsal və istehlak məqsədləri üçün istifadə imkanı verən, bilik və bacarıqların toplusu kimi səciyyələndirilir. Məşhur iqtisadçı Stanley Fischer -ə görə isə insan kapitalı insanın gəlir gətirmək bacarığıdır və bu kapital insanın anadangəlmə bacarıq və istedadından, həmçinin həyatı boyu əldə etdiyi təhsil və səriştəsindən formalaşır. İqtisadi Əməkdaşlıq Təşkilatının yanaşmasına görə isə insan kapitalı şəxsi, sosial və iqtisadi rifahı təmin edən bilik və bacarıqları ehtiva edir. Əmək bazarı üçün isə insan kapitalı –fərdlərə, peşə fəaliyyəti zamanı gəlir gətirə bilən bilik və  bacarıqlara qoyulan sərmayədir.

Gələcək əmək bazarını insan kapitalının əhəmiyyətinin artması istiqamətində təhlil etmək üçün, ilk olaraq “informasiya iqtisadiyyatı” anlayışına aydınlıq gətirmək faydalı olacaqdır.

Fritz Maxlup tərəfindən 1962-ci ildə elmi ədəbiyyata daxil edilmiş bu anlayışı “texnoloji və elmi tərəqqinin inkişafına töhvə verən, əqli fəaliyyətə əsaslanan iqtisadi münasibətlər sistemi” kimi şərh etmək olar. İnformasiya iqtisadiyyatında  informasiya həm  digər məhsul və xidmətlərin yaradılmasında istehsal amili kimi, həm də ayrıca fəaliyyət növü olan  “bilik istehsalı”-nın  məhsulu kimi çıxış edir. Əgər indiyə qədər  biliklərin istehsalçısı ilə istehlakçısı arasında vasitəçilik münasibətləri var idisə, yeni iqtisadi sistemdə biliyin istehlakçısı onun yaradılmasında da aktiv rol oynayır.

İnformasiya iqtisadiyyatı çərçivəsində baş verən dəyişikliləri əsas tutaraq əmək bazarının perspektivləri ilə bağlı bir  sıra araşdırmalar aparılmış və ehtimallar irəli sürülmüşdür.  Məsələn, “Freelance Economy” və “Future Work” adlı məşhur kitabların müəllifi Thomas Malone  gələcəyin əmək bazarında subordinasiyanın önəmsizləşəcəyini, gələcəyin iş dünyasında işçilərin maksimum sərbəst fəaliyyət göstərəcəyini, qərarvermə prosesində ən aşağı pillədəki işçilərin belə səlahiyyətlənəcəyini və gələcək əmək bazarının işçiləri üçün sərbəstliyin, motivasiya və yaradıcı mühitin maddi qazancla paralel olaraq vacib əhəmiyyət kəsb edəcəyini  qeyd edir. O, həmçinin gələcəyin şirkətlərinə indiki dövrümüzdən nümunə kimi  Google, Facebook, AES- i göstərir.  Google və Facebook  artıq gələcəyin yaradıcı, sərbəst iş mühitini öz ofisində indidən formalaşdırmağa başlayıb. Dünyanın ən önəmli elektrik  gücü istehsalçısı olan AES şirkətində isə iyerarxiyanın aşağı pilləsində olan insanlar  milyon dollarlıq qərar verə bilirlər. Burada diqqət yetirilməli məqam şirkətin  ən aşağı iyerarxiyasındakı insanların belə milyon dollarlıq qərar verə biləcək  bilik və bacarıqlara malik olmasıdır. Bu isə bir daha yüksək inkişaf etmiş insan kapitalının gələcək əmək bazarında əhəmiyyətini vurğulayır. Gələcəyin əmək bazarı ilə əlaqədar digər bir maraqlı araşdırma isə  PwC-nin “ Future of Work” adlı  tədqiqatıdır. Tədqiqat nəticəsində  İngiltərə, ABŞ, Almaniya, Çin və Hindistandan 10 min müxtəlif peşəyə  malik işçilərin cavablarına əsaslanaraq, 2022-ci il iş həyatı ilə bağlı üç fərqli ssenari mavi, narıncı və  yaşıl  ssenarilər irəli sürülmüşdür. Tədqiqat əgər mavi ssenari reallaşarsa 4 il sonra əmək bazarında işaxtaranlar qarşısında tələblərin çox yüksələcəyi və  ən yaxşıların işə alınacağı bir iş dünyasına, narıncı sseanari reallaşarsa  daha çox “outsourcing”  qaynaqlarından istifadə olunan, minimum  insan əməyinə əsaslanan və texnologiyaların  ön planda olduğu iş dünyasına şahidlik edəcəyik. Araşdırmanın 53% iştirakçısı tərəfindın ideal hesab olunan yaşıl ssesaniridə isə  əmək bazarında korporativ sosial məsuliyyətə önəm verən təşkilatların çoxluq təşkil edəcəyi, insan əməyindən istifadənin önplanda olacağı və bu səbəbdən “insan resursları” mütəxəssislərinə böyük ehtiyac yaranacağı qeyd olunr.

İnsan kapitalının əmək bazarının tələblərinə uyğun olaraq inkişafında  peşə təhsilinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi vacib əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübədə bu məqsədlə işverənlərdən əlavə vəsait alınaraq mərkəzləşdirilmiş təhsil fondları yaradılır, individual olaraq bu məsələdə aktiv olan təşkilatlar isə vergi güzəştləri ilə stimullaşdırılır. Bu istiqamətdə ölkəmizdədə bəzi  addımlar atılır. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” –nin təsdiqini buna misal göstərmək olar.

Əmək bazarının inkişaf meyllərini qısa olaraq nəzərdən keçirdikdən sonra deyə bilərik ki, artıq insan əməyindən primitiv mexanizm səviyyəsində istifadə olunması öz aktuallığını itirir. Gələcək əmək bazarı insanların  intellektual imkanlarından maksimum istifadə edərək, peşə fəaliyyətlərində bu istiqamətdə səmərəliliyə nail olmalarına ehtiyac duyur.  Buna görə də, artıq ölkələrin məşğulluq və dayanıqlı inkişaf siyasətinin əsasında insan kapitalının  əmək bazarının  müasir çağırışlarına  uyğun inkişafı dayanmalıdır.  İnsan kapitalının inkişafı, inkişaf etməkdə olan ölkələr və əhalisi az olan ölkələr üçün daha vacib əhəmiyyət kəsb edir. Əvvəldə Yaponiyada texnologiyaların minlərlə insanı işsiz qoymasından bəhs edildi. Yaponiya insan kapitalının inkişafına görə  Davos İqtisadi Formunun  2017-ci il hesabatında 130 ölkə içərisində 17-ci yerdə qərarlaşıb. İndi isə eyni vəziyyətdə həmin hesabatda 111-ci yerdə qərarlaşan Banqladeşi təsəvvür edək. Yaponiyada insan kapitalının inkişafına imkan verən infrastrukturun mövcudluğu, işsiz qalmış şəxslərin əmək bazarının yeni tələblərinə daha tez adaptasiya olmasına imkan verdiyi halda  Banqladeş kimi ölkələrdə məşğulluğun bərpası və işsiz qalmış əhalinin əvvəlki həyat səviyyəsinin təmin olunması daha çətin olur, hətta iqtisadi böhranlarla nəticələnir. Bu həmçinin əhalisi az olan ölkələrədə şamil olunur. Çünki insan kapitalını formalaşdıran amillərdən olan bioloji bacarıq və istedadlar normal paylanmaya malikdir. Bir cəmiyyətdə insanların təqribən 10-15 % -i yüksək potensiallı, bir o qədəri bu cəhətdən xeyli geridə qalmış, qalanları isə bu potesiala orta dərəcədə malik olurlar.

Çin və Hindistan yalnız bioloji amillərə  əsaslanaraq  belə  150 milyona yaxın yüksək potensiala və bunun məntiqi davamı olaraq inkişaf etmiş insan kapitalına sahib olduğu halda, əhalisi az olan ölkələr  bioloji səbəblərdən belə bir imkandan məhrumdur. Buna görə də, belə ölkələr insan kapitalının inkişafını təmin edən elə bir siyasət yürütməlidirlər ki, nəticədə mövcud potensialdan maksimum dərəcədə səmərəli istifadə olunsun. Əks halda müasir rəqabət meyillərində üstünlüyə malik olaraq davamlı inkişafı təmin etmək mümkünsüz olacaqdır.

MÜƏLLİF:
NİGAR ÖMƏROVA

 

 

 


  • 8
  •  
  •  
  •