Gələn il Azərbaycan Beynəlxalq Bankı və 14 iri dövlət şirkəti büdcəyə dividend ödəməyəcək

0

Dövlət büdcəsi və dövlət zəmanətli kreditlər hesabına həyata keçirilən və sonradan nizamnamə fonduna aid edilməli olan böyük məbləğdə investisiyalar həyata keçirildiyi iri dövlət şirkətlərinin heç biri üzrə növbəti ildə dividendlər nəzərdə tutulmayıb.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sənəddə qeyd edilib ki, dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalar (səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər) 2020-ci ilin dövlət büdcəsi layihəsində 2,8 mln. manat məbləğində nəzərdə tutulub ki, bu 2019-cu ilin proqnoz göstəricisindən 1,1 mln. manat və ya 29,1 % azdır.

Hesablama Palatasına daxil olan məlumatlara əsasən, Azərbaycan Respublikasında nizamnamə fondunda (kapitalında) dövlətin payı olan iki mindən çox kommersiya hüquqi şəxslər mövcuddur. Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə bunlardan 14-ü gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinə aid edilib. Bu şirkətlər üzrə dövlət büdcəsi və dövlət zəmanətli kreditlər hesabına həyata keçirilən və sonradan nizamnamə fonduna aid edilməli olan böyük məbləğdə investisiyalar həyata keçirildiyi halda, həmin müəssisələr üzrə dövlət büdcəsinə dividendlər nəzərdə tutulmur, hesablanmır və ödənilmir: “Eyni zamanda qeyd olunmalıdır ki, nəzarət zərfi dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2018-ci ilin yekunlarına görə fəaliyyətini 298,0 mln. manat mənfəətlə başa vurmasına baxmayaraq, 2020-ci ilin dövlət büdcəsinin layihəsində hər hansı bir daxilolma nəzərdə tutulmayıb”.

Qeyd edək ki, gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına aşağıdakılar daxildir:

– Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;

– “Azərenerji” ASC;

– “Azərbaycan Hava Yolları” QSC;

– “Azərbaycan Dəmir Yolları” QSC;

– “Azərsu” ASC;

– “Azərişıq” ASC;

– “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC;

– “Bakı Metropoliteni” QSC;

– “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC;

– “Azərkosmos” ASC;

– Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Aztelekom” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərpoçt” MMC və “Bakı Telefon Rabitəsi” MMC).