Gələn il də ölkədə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik və 2021-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən məlumat verilib.

Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında da müsbət meyllərin davamlı xarakter almasına, məşğulluq imkanlarının artmasına şərait yaratdığını vurğulayıb. O, dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmizin xarici əməkçi miqrantlar üçün cəlbedici olduğunu deyib.

Nazir bildirib ki, Azərbaycanda miqrasiya siyasətinin vacib prinsipləri ölkənin sosial-iqtisadi maraqlarının qorunması, eyni zamanda miqrantların, o cümlədən də əməkçi miqrantların həyatı və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Əcnəbi işçilərə iş icazələrinin verilməsi üçün hər il əmək miqrasiyası kvotası təsdiq edilir. Kvotanın müəyyən olunması üçün təkliflər hazırlanarkən respublikadakı demoqrafik inkişaf, əmək bazarında mövcud vəziyyət, ölkənin əmək ehtiyatları və işəgötürənlərin işçi qüvvəsinə tələbləri ciddi şəkildə nəzərə alınır: “Daxili əmək bazarının qorunması, yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması, mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi prinsipləri diqqətdə saxlanır”.

S. Babayev qeyd edib ki, 2021-ci ilin əmək kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması məqsədilə müvafiq təhlillər artıq aparılıb: “Bu təhlillərə əsasən, Azərbaycanda ixtisaslı kadrların sayının ilbəil artdığı nəzərə alınmaqla qeyd etmək olar ki, gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək. Eyni zamanda, təkliflərin hazırlanması zamanı əmək bazarının hansı sahələrində əcnəbi işçi qüvvəsinə tələbatın olduğu da nəzərə alınıb. Yalnız hansı sahələrdə ki, xarici işçi qüvvəsinə ehtiyac yaranır, kvota da o sahələri əhatə edir”.

İclasda 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik nəzərdən keçirilməklə, gələn il üçün kvotanın müəyyən olunması ilə bağlı təkliflərə baxılıb, müzakirələr aparılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.