Gərgin rəqabət şəraitində mikro kreditlər üzrə faizlər enəcək

Müsahibimiz: AccessBank-ın İdarə Heyətinin sədrinin müavini Şakir Rəhimov

Şakir müəllim, müsahibə üçün yaratdığınız imkana görə təşəkkür edər və suallarımıza keçmək istərdim:

AccessBank-ın kreditləşmə prosesini səciyyələndirən nədir, bir bank kimi sizin kreditləşmə prosesiniz digər banklardan nə ilə fərqlənir?

Accessbank-ı digər banklardan fərqləndirən bir sıra amillər var. Mən bunlardan iki ən mühüm amili qeyd etmək istərdim.

Birincisi, Accessbank ölçülmüş kredit artımı strategiyasını həyata keçirir. Kredit portfelinin artımı təkcə bazardakı vəziyyətdən deyil, həm də təşkilatın daxilində mövcud olan inkişaf potensialından asılıdır. Belə ki, bankın rəhbərliyi görürsə ki, bazarda geniş imkanların olmasına baxmayaraq, bankın daxili resursları: kredit mütəxəssisləri, menecerləri və həmçinin risk menecment kredit artımı nəzarətini çatdırmırsa, bank rəhbərliyi öz diqqətini ilk növbədə daxili potensialın inkişafına yönəldir.

shakir_rahimovİkincisi, biz digər kredit təşkilatlarında təcrübəyə malik olmayan işçilərin işə cəlb edilməsi, onların kredit mütəxəssisi kimi inkişaf etməsi və gələcəkdə orta və yüksək halqanın idarəçilərinə çevrilməsinin tərəfdarıyıq. Belə ki, kredit prosesinə cəlb olunmuş bütün şöbə, department və filial rəhbərləri bankdakı karyeralarına kiçik kredit mütəxəssisi vəzifəsində başlamışlar. Toplanmış kredit təcrübəsi onlara ən qısa müddətdə kredit qərarlarının qəbul edilməsinə imkan verir. Bu da bankda qeyri-mərkəzləşdirilmiş təşkilati strukturun istifadə olunmasına imkan yaradır.

Son illər Azərbaycan mikromaliyyə bazarında sürətli inkişafına görə inqilab etmiş bank sayılırsınız- bir bankın bu cür sürətli və riskli kreditlər (mikro kreditlərin riskli olduğu nəzərdə tutulur) vermək üçün bank nələrə hazır olmalıdır?

Nədənsə, bir çoxları səhvən mikro kreditləri riskli kreditlər hesab edir. Lakin, mikro kreditlər üzrə gecikmələrin səviyyəsinə nəzər yetirdikdə və bu göstəricinin istehlak və kiçik və orta biznes kreditləri üzrə gecikmələrin səviyyəsi ilə müqayisə etdikdə, ən az gecikmələrin məhz mikro kreditlər üzrə olması müəyyən olunur.

Banklar mikrokreditləşmənin inkişafı üçün kredit mütəxəssisləri və risklərin idarə edilməsinin inkişafına, eləcədə filial şəbəkəsinin genişləndirilməsinə böyük sərmayelər etməyə hazır olmalıdırlar. Həmçinin, mikrokreditləşmə ilə məşğul olan banklar pərakəndə və kiçik və orta biznes kreditlərinin verilməsi ilə məşğul olan banklarla müqayisədə başlanğıc mərhələsində gəlirlərinin daha aşağı səviyyədə olacağını da nəzərə almalıdırlar. Amma gələcəkdə toplanmış kredit təcrübəsi, funksional filial şəbəkəsi, o cümlədən özünü doğrultmuş kredit prosedurları və kredit məhsulları banklara adekvat gəlir əldə etməyə imkan verəcək.

Son dövrlər AccessBankın kiçik kreditlərin verilməsində bir az səngimə müşahidə olunur, bəzi regionlarda hətta kreditləşmə çox konservativ aparılır, yalnız risk dərəcəsi aşağı müştərilərə kredit verilir-bu nə ilə bağlıdır?

2010-cu ilin ortalarından 2012-ci ilin ortalarınadək, iki il ərzində bankdaxili resursların inkişafı strategiyası seçilmişdir. Artım üzrə planlar minimal idi. Belə ki, bu müddət ərzində gələcək inkişaf üçün zəruri sayda orta halqanın idarəçiləri yetişdirilib, çox sayda yeni kredit mütəxəssisləri işə cəlb olunub və yetişdirilib, kredit risklərinə nəzarət və risklərin idarə olunması üçün yeni alətlər tətbiq olunmuşdur. Yeni kredit məhsulları sinaqdan keçirilib, prosedurlar bazası yenilənmişdir. 2012-ci ilin ortalarından etibarən bankın kredit portfeli bütün kredit məhsulları üzrə sürətlə artmağa başlamışdır. Belə ki, 2012-ci ildə kredit portfelinin artımı 2011-ci il ilə müqayisədə 40 % təşkil etmişdir.

Necə düşünürsünüz, Azərbaycanın mikromaliyyə bazarının Banklar və BOKT-lar tərəfindən təxminən neçə faizi tutulmuşdur və bazarın hansı hissəsini hələ də potensial boş bazar hesab etmək olar?

Zənnimcə, banklar və kredit təşkilatlarının mikro kredit portfeli hələ də potensial bazarın 50%-dən artıq olmayan səviyyədədir. Belə ki, kredit reyestrində yeni mikro müştərilərin yoxlanılmasını həyata keçirərkən, borcalanların demək olar ki 50 %-nin digər banklarda kreditlərinin olmamasını müşahidə edirik.

Azərbaycanda mikrokreditləşmə potensialının dəqiq qiymətləndirilməsi, bu sahənin istehlak kreditləri sahəsi ilə kəsişməsinə görə olduqca çətindir. Son zamanlar əksər bankların istehlak kreditlərinin verilməsində fəallığının artması mikro müştərilərin əmək haqqı alan ailə üzvlərinin borclanmasının artımına gətirib çixarır. Bu isə öz növbəsində mikro müştərinin ödəmə qabiliyyətinin təhlili zamanı ailə üzvlərinin gəlir və xərclərinin nəzərə alınması səbəbindən mikro kredit portfelinin artması potensialını azaldır.

Azərbaycanda mikromaliyyələşmənin inkişafını necə görürsünüz? Yaxın gələcəkdə bazarda hansı dəyişikliklər ola bilər?

Birincisi, mikromaliyyələşdirmə bazarında oyunçuların sayı artacaq. Belə ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən tələb olunan minimum səviyyəsinədək öz kapitalını artıra bilməyən və ya artırılmasını istəməyən banklar birləşmək və ya kredit təşkilatlarına çevrilmək məcburiyyətində qalacaqlar. Kredit təşkilatlarına çevrilərək, istehak kreditlərinin inkişafı üçün əsas mənbə olan fiziki şəxslərin depozitlərinin məhdudlaşdırılacağını nəzərə alaraq, mikro kredit istiqamətinin inkişaf etmələri gözlənilir.

İkincisi, istehlak kreditləri ilə məşğul olan banklar tərəfindən rəqabət artacaq. Mikrokreditləşmə ilə məşğul olan bank və kredit təşkilatları bu rəqabətə tab gətirmək üçün yeni modellər təqdim etmək və yeni məhsullar inkişaf etdirməyə məcbur olacaqlar.

Üçüncüsü, gərgin rəqabət şəraitində mikro kreditlər üzrə faiz dərəcələri enəcək. Eyni zamanda müştəri xidməti keyfiyyəti yaxşılaşacaq. Məhsulun keyfiyyətinin artması ilə birgə qiymətlərin enməsi adətən xərclərin azaldılması ilə müşayiət olunur. Mən bir müddət sonra xərclərə nəzarət etmək bacarığının ön plana çıxmasına əminəm. Təbii ki, böyük kredit portfelinə malik banklar və kredit təşkilatları öz əməliyyatları miqyasının səmərəliliyi əsasında rəqabət üstünlüyü əldə edəcəklər.

Bizdə olan məlumata görə AccessBank-ın kredit işçilərinin əməyini qiymətləndirmək üçün kifayət qədər güclü motivasiya planı mövcuddur- bununla yanaşı bankın sərt planlama siyasəti də vardır, bu sistem bankda əvvəldən təxminən eyni qaydada qalıb, yoxsa zaman keçdikcə ciddi dəyişikliklər olub?

Həqiqətən, bankda nəticəyə məqsədyönlülük mədəniyyəti çox güclüdür. Bankın hər bölməsinin həm uzunmüddətli (1-5 il), həm də qısamüddətli (1-6 ay) planı var. Yuxarıda qeyd edildiyi kimi, bu, müəyyən dövrdə kredit portfelinin artımı və ya daxili resursların inkişafı planları ola bilər. Bu planların həyata keçirilməsi üçün maddi və qeyri-maddi motivasiya alətlərindən ibarət motivasiya sistemi istifadə olunur. Bununla yanaşı bankın inkişafında qeyri-maddi motivasiya maddi motivasiya ilə eyni dərəcədə əhəmiyyətli rol oynayır. Bu da öz növbəsində başqa banklardan gələn və maddi cəhətdən daha cazibədar iş təkliflərinə baxmayaraq, əməkdaşların bankda qalmasına gətirib çıxarır.
Təbii ki, kredit portfelinin inkişafı, yeni məhsulların təqdim olunması və bazarda davam edən dəyişikliklərlə əlaqədar bank mövcüd motivasiya sistemini yeni şərtlərə uyğunlaşdırır. Accessbank dəyişən planlar və prioritetlərə uyğun olaraq hər il bu sistemə zəruri dəyişikliklər edir.

AccessBank-ın kredit idarəetmə strukturu bizim bankirlər üçün çox maraqlıdır, kredit işçisindən sizə qədər olan məsafə arasında hansı pozisiyalar durur və onların işi nədən ibarətdir?

Qeyd edildiyi kimi, bankın kredit departamenti geniş kredit təcrübəsinə malik, bankımızla formalaşma, inkişaf və artım yolunu keçən əməkdaşlardan ibarətdir. Bankın kredit departamenti sadə idarəetmə strukturuna malikdir. Belə ki, bankın kredit istiqamətinə İdarə Heyəti sədrinin müavini rəhbərlik edir, onun birbaşa tabeçiliyində kredit departamentlərinin rəhbərləri, daha sonra filial rəhbərləri, filliallarda şöbə rəhbərləri və şöbə rəhbərlərinin tabeçiliyində olan kredit mütəxəssisləridir. Bankın qeyri-mərkəzləşdirilmiş idarəetmə strukturunu nəzərə alaraq, kredit qərarlarının əksəriyyəti şöbə və filial rəhbərləri səviyyəsində qəbul olunur. Bu strukturu kredit dövrünü uzunlaşdırmamaq və anında kreditləri təsdiq və ya rədd etmək üçün imkan yaratdığına görə ən effektiv struktur hesab edirik.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.