Böyük Britaniyanın qızıl mədən hasilatçısı “Anglo-Asian Mining”in törəmə şirkəti olan “Azerbaijan International Mining Company Limited” (AIMC) “Gədəbəy” yatağındakı mədən tullantılarının saxlanc anbarının genişləndirilməsinin birinci mərhələsini başa çatdıracaq.
Bu barədə AAM-ın məlumatında deyilir.
“AIMC avqustun 5-də Azərbaycan hökumətindən mövcud tullantı anbarının divarının qaldırılmasına icazə alıb. Divarın 2,5 metr qaldırılmasını nəzərdə tutan işlərin birinci mərhələsinin bu ilin noyabrında başa çatdırılacağı gözlənilir”, – məlumatda bildirilib.
Xəbər verildiyi kimi, 2-3 illik istehsal fəaliyyəti üçün kifayət qədər saxlama qabiliyyətini təmin etmək məqsədilə divar iki mərhələdə 7 metr yuxarı qaldırılacaq.
Qeyd edək ki, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda ААМ Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olsa da, hələlik “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.